.

hüquq - Yerli Özünüidarəetmə Üzrə Beynəlxalq Təcrübə
  BAŞ SƏHİFƏ
  Beynəlxalq sazişlər
  => Azərbaycandakı ilk siyasi partiyalar
  => Yerli Özünüidarəetmə Üzrə Beynəlxalq Təcrübə
  => Müsəlman Demokratik Müsavat Partiyasinin Proqram və Nizamnaməsi (1911)
  => ДЕЯТЕЛЬНОСТЬ ПАРТИЙ АЗЕРБАЙДЖАНА В ПЕРЕЛ
  Azərbaycanın milli partiyası
  Qarabağ problemi
  “Demokratiya:Gediləsi Uzun bir Yol”
  Əlaqə
  Anketler

Qanun Nəşriyyatı

Layihənin Direktoru:

Ş. Xuduoğlu, Redaktor: F. Ağazadə

Tərcüməçilər: N. Səfərov, İ.Tahirov

Bakı -1999

 

Bələdiyyələr haqqında

(nəzəriyyələr, təcrübələr, sənədlər toplusu)

Bakı, Qanun Nəşriyyatı, 1999

 

 

Kitabda Yerli özünüidarə üzrə beynəlxalq təcrübə, Azərbaycan Respublikasında Yerli özünüidarənin problemləri və perspektivləri, Yerli özünüidarəyə dair normativ sənədlər və  Azərbaycan Respublikası Milli Məclisinin Yerli özünüidarə məsələləri daimi komissiyasının, Prezident Aparatının və Avropa Şurasının birgə keçirdiyi beynəlxalq elmi seminar  haqqında materiallar toplanmışdır.

 

 

 

Mündəricat

 

- ABŞ-da Yerli özünüidarə

1. H. Hacızadə. ABŞ-da Yerli özünüidarə. FAR CENTRE 

2. Ellis Kats. ABŞ-da Yerli özünüidarə orqanları

3. Devid R. Berman. ABŞ-da Yerli hakimiyyət orqanlarının səlahiyyətləri

4. Heri D. Makkaleb. Problemlərin həllinə tuşlanmış idarəetmə

5.  Şəhərlərin inkişafında marketinqin rolu

6. Devid Pitts. Atlantanın yeni siması

7. Bryus Adams. XXI əsrdə Yerli özünüidarə orqanları üçün dərslər.

 

* * *

 

 

Yerli Özünüidarəetmə Üzrə Beynəlxalq Təcrübə

 

 

ABŞ-da YERLİ ÖZÜNÜİDARƏ,   

 

Hikmət Hacızadə (Vise Prezident FAR CENTRE)

 

Amerika dövlət mexanizminin xarakter xüsusiyyəti onun xeyli dərəcədə mərkəzsizləşdirilməsidir. Yerli hakimiyyət orqanları onların idarəsi altında olan sahələrdə tamamilə müstəqildirlər. Bir sıra səlahiyyətlər və fəaliyyət sahələri Yerli hakimiyyət orqanlarına verilmişdir və bunlar federativ hökumət və ştat hökumətləri tərəfindən heç bir müdaxilə edilmədən həyata keçirilir.

 

ABŞ Yerli özünüidarə orqanlarının (YÖO) vahid sistemi yoxdur. YÖO təşkilatı ştatların sərəncamındadır və ştatlar bunları öz qanunlarına müvafiq qaydada təşkil edirlər. Ştat hökumətləri federativ hökumətlə razılaşdırılmadan Yerli hakimiyyət orqanlarının hüquqi statusunu, ərazi sərhədlərini, təşkilati formalarını və səlahiyyətlərini müəyyən edir. Yerli özünüidarənin təşkilati formalarının hədsiz müxtəlifliyi də elə bundan doğur.

 

YÖO möhkəm maliyyə bazası əsasında fəaliyyət göstərir ki, bu da onun inzibati-təsərrüfat müstəqilliyini təmin edir. O öz şəxsi mənbələrindən, ştatların hökumətlərindən və federal hökumətdən alınan maliyyə vəsaitlərinə malikdir.

 

YÖO-nın öz şəxsi mənbələrindən aldığı gəlir ümumi gəlirin üçdə ikisini təşkil edir, gəlirlərinin üçdə birini isə onlar ştatların büdcəsindən və federal büdcədən alırlar (bu əsasən, müxtəlif sosial-iqtisadi proqram və layihələrin birgə həyata keçirilməsi üçün verilir).

 

Dövlət xərclərinin təhsil üzrə 68 faizi (o cümlədən ibtidai və orta təhsil üzrə 99 faizi), səhiyyə üzrə 41 faizi, tikinti və şose yollarının saz saxlanılması üzrə 38 faizi, ölkə polisinin saxlanılması üzrə 74 faizi və yanğından mühafizə üzrə 100 faizi Yerli hakimiyyət orqanları büdcəsinin vasitəsilə ödənilir.

 

ABŞ -da əsas Yerli özünüidarə orqanları: qraflıqlar, bələdiyyələr, məktəb dairələri və xüsusi dairələrdir.

 

Qraflıqların idarə orqanları

 

Qraflıqlar ştatların bölündüyü inzibati-ərazi vahidləridir. Qraflıqların sayı, ərazilərinin ölçüsü və əhalisinin sayı müxtəlif ştatlarda müxtəlifdir. Qraflıqların YÖO-nın üzərinə aşağıdakı vəzifələr qoyulur: seçkilərin təşkil olunması, mülkiyyətin qiymətləndirilməsi, ictimai qaydanın qorunması, şose yollarının inşası və istismarı, sosial təminat.

 

Qraflıqların əsasən öz şəxsi qanunvericilik aktlarını qəbul etmək hüququ yoxdur, onlar yalnız ştatların qanunvericiliklərini öz ərazilərində həyata keçirməyə borcludurlar.

 

Qraflıqların idarəçilik orqanları əhalinin seçdiyi şuralardır: şuraların səlahiyyətləri və təşkil olunması qaydası isə ştatların konstitusiya və qanunları ilə müəyyən edilir.

 

Qraflıqlar şurasının fəaliyyətinin ən mühüm istiqaməti, onların özlərinin təyin etdikləri vəzifəli şəxslərin fəaliyyətinə nəzarət etmək və onların fəaliyyətlərini istiqamətləndirməkdir.

 

Hazırda ABŞ-da qraflıqların idarə olunması üzrə şuraların işinin təşkilinin üç əsas forması mövcuddur:

 

1. Komission formadır ki, bu halda qraflıqda inzibati aparata başçılıq edən ali vəzifəli şəxs olmur. Şuradan ayrılıqda qraflığın bir sıra nüfuzlu vəzifəli şəxsləri (şerif, prokuror, xəzinədar, klerk, məktəblərin superintendantı və s.) seçilir. Onların səlahiyyətləri ştatın qanunvericiliyi ilə tənzimlənir və qraflıqlar şurasının (QŞ) onların işinə müdaxilə etməyə hüququ olmur.

 

2. "Şura-inzibatçı" forması, əsasən, şəhərliləşmiş, ümumi əhalisi 70 milyon olan 550 qraflıqda tətbiq olunur. Qraflıqlar şurası qraflığın inzibati aparatına başçılıq etmək üçün inzibatçı təyin edir. QŞ ən mühüm məsələlər üzrə qərarlar qəbul edir, vergilər qoyur və təxsisatları təsdiq edir. İnzibatçı qraflıqlar şurasının qərarlarını həyata keçirir, qraflığın icraedici orqanlarının və müxtəlif xidmətlərinin rəhbərlərini təyin edir, onların fəaliyyətinə nəzarət edir, qraflığın büdcə layihəsinin hazırlığına başçılıq edir. Bu forma mütəxəssis rəisi inzibati aparata rəhbər təyin etməyə və qraflığın idarə olunmasını mərkəzləşdirməyə imkan verir.

 

3. "Şura-seçilən rəhbər" forması 146 qraflıqda mövcuddur. Seçilən rəhbər qraflığın əsas siyasətinin istiqamətini müəyyənləşdirir və baxılmaq üçün QŞ-ya təqdim edir, qraflığın büdcə layihəsini tərtib edir, qraflığın nümayəndəsi qismində çıxış edir, inzibati aparatın rəhbər işçi və xidmətlərini təyin edir, QŞ-nın qərarlarının həyata keçirilməsinə nəzarət edir; onun QŞ-nın qərarlarına veto qoymaq hüququ vardır. Adətən seçilən başçı onun nəzarəti altında qraflığın inzibati aparatına rəhbərlik edən peşəkar rəis təyin edir. Qraflıqlar şurası seçilən başçının təklifi üzrə qərarlar çıxarır, qraflığın büdcəsini təsdiq edir, onun maliyyə işlərinə nəzarət edir, idarəetmənin təkmilləşdirilməsi üzrə tövsiyələri işləyib hazırlayır.

 

Qraflığın gəliri əsas mənbələr üzrə aşağıdakı şəkildə bölünmüşdür: hökumətlərarası gəlir  - 37,5 faiz (bunun 31.8 faizi ştat hökumətlərinin payına düşür), vergilər - 36.7 faiz, müxtəlif ödənişlər və gəlirlər - 25 faiz.

 

Qraflığın yığdığı əsas vergi - mülkiyyət vergisidir - əsasən daşınmaz mülkiyyətə (torpaq və binalar) qoyulan vergidir. Bu vergi onların dəyəri üzrə hesablanır, özü də dəyər müxtəlif ştatlarda müxtəlif cür hesablanır. Bundan əlavə, mülkiyyətin mal-qara, kənd təsərrüfat maşınları, toxum və gübrə, inşaat maşınları, ticarət qurğuları, avtomobillər, təyyarələr, katerlər və s. kimi növlərinə də qoyulan vergi mövcuddur.

 

 

Bələdiyyələr

 

ABŞ-da şəhərlər əsasən bələdiyyələr tərəfindən idarə olunur. Bələdiyyələr Amerika iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən korporasiyalarla bir sıra ümumi cəhətləri olan bələdiyyə korporasiyalarının qanuni hüquqlarına malikdir. Onlar mülkiyyətə sahib ola, bunları ala və sata bilərlər, ayrı-ayrı təşkilatları məhkəmə qaydasında təqib edə və öz hərəkətlərinə görə məhkəmədə cavabdehlik daşıya, müqavilələr bağlaya bilərlər və s. Bələdiyyələrin, korporasiya hüquqları olmayan qraflıqların idarəetmə orqanlarından əsas fərqi elə məhz bundadır.

 

Şəhər öz bələdiyyə idarəsini vətəndaşlarından bir qrupuna bələdiyyə korporasiyası hüquqları verilməsi haqqında ştat hökumətinə xahişlə müraciət etməsindən sonra qazanmış olur. Bu cür xahiş sakinlərin Yerli hakimiyyətdən, mövcud şəhərin yerləşdiyi ərazinin idarəetmə orqanlarından ala biləcəklərindən daha çox şey əldə etmək meyli ilə izah olunur.

 

İstər iri şəhər olsun, istərsə də qəsəbə, hamısı qanunverici və icraedici funksiyaları yerinə yetirən idarəetmə orqanlarına malikdir. Bütün bələdiyyələr yanğından mühafizə və polis mühafizəsini, kanalizasiya sistemlərinin fəaliyyətini təmin edir, səhiyyə sahəsində tədbirlər həyata keçirirlər. Böyük şəhərlərin hakimiyyətləri öz vətəndaşlarını kitabxanalar, muzeylər, parklar, tamaşa salonları, üzgüçülük hovuzları və s. ilə təmin edir.

 

Şəhər idarəsinin quruluşu ştat hakimiyyətinin qəbul etdiyi xartiya ilə müəyyənləşdirilir. Xartiyada şəhərin əsas vəzifəli şəxsləri sadalanır, onların səlahiyyətləri seçilmə, yaxud təyin olunma qaydaları və qarşılıqlı münasibətləri müəyyən edilir.

 

Xartiyalar şəhərin coğrafi sərhədlərini təyin edir və müəyyən edir ki, şəhər hakimiyyəti nələri edə bilər, nələri yox. Müxtəlif ölçülü şəhərlər üçün nümunə-xartiyalar işlənmişdir.

 

Şəhərlərin həyatını yalnız xartiyalar deyil, həm də ştatların şəhərlərə bu və ya digər tədbirləri həyata keçirməyə icazə verən, yaxud qadağan edən digər qanunları tənzimləyir.

 

ABŞ-da şəhərin idarə olunmasında şəhər hakimiyyətinə geniş azadlıqlar verilir. Şəhər idarəçiliyinin təşkili formaları böyük müxtəlifliyi ilə seçilir, lakin bir neçə əsas formanı fərqləndirmək mümkündür:

 

1. "Şura - mer" forması çox kiçik və çox böyük şəhərlər üçün səciyyəvidir. Şəhərlərin 50 faizi bu forma ilə idarə olunur. Bütün şuralar əhali tərəfindən seçilir, şəhərlərin 90 faizinin merini də əhali seçir. Bəzi kiçik şəhərlərdə merləri şuralar seçir. Mer və şura şəhər idarəsinin şöbə və xidmət rəislərini təyin edir və onların fəaliyyətini əlaqələndirirlər. Səlahiyyətlər həcmindən asılı olaraq merlər - "güclü" və "zəif" merlərə bölünürlər. "Zəif" mer yalnız kiçik məmurları təyin edir və nüfuzlu vəzifələrə adam təyin etmək səlahiyyətindən məhrumdur. "Zəif" merin yanında "güclü" şura fəaliyyət göstərir ki, şəhərin müdiriyyətinin ali nümayəndələrini məhz o, təyin edir. "Zəif" mer şuranın qərarlarına veto qoymaq hüququndan məhrumdur və ikiillik müddətə seçilir.

 

"Güclü" mer şəhər müdiriyyətinin ali nümayəndələrini təyin edir. Şəhərin idarəetmə orqanlarının fəaliyyətinə də o, rəhbərlik edir. "Güclü" mer şuranın qərarına veto qoymaq və onu şurada təmsil etmək hüququna malikdir. Büdcəni tərtib etməsi ona bələdiyyələrin siyasətinin əsas istiqamətlərini təyin etmək və şuranı bu istiqamətləri təsdiq etməyə məcbur etmək imkanı verir.

 

Hazırda ABŞ-da merlərin hakimiyyətinin gücləndirilməsi və "zəif" merlərin sayının azaldılması tendensiyası müşahidə olunur.

 

Adətən "güclü" merlər 4 il müddətinə seçilirlər. Böyük şəhərlərdə "güclü" mer peşəkar inzibatçı-rəis tuta bilər ki, öz vəzifələrini yerinə yetirməkdə ona kömək eləsin. Bu cür inzibatçı rəislərə şəhər idarəsinin bəzi şöbə və xidmətlərin rəhbərlərini təyin etmək və işdən çıxarmaq səlahiyyətləri verilir. O həm də onların fəaliyyətinə nəzarət edir.

 

Müxtəlif ştatlarda merlərin vəzifədən kənarlaşdırılmasının müxtəlif formaları mövcuddur. Bu formalar şuranın qərarından, seçicilərin səsverməsindən, məhkəmə qərarından və qubernatorun əmrindən ibarətdir. Adətən, şuraların az sayda - şəhərin əhalisinin sayından asılı olaraq 12 nəfərədək üzvü olur. Şuranın işinin böyük hissəsi komitələrdə həyata keçirilir.

 

2. "Şura - inzibatçı" forması ABŞ şəhərlərinin 40 faizində tətbiq olunur ki, bunların çoxu orta ölçülü şəhərlərdir. Şura peşəkar inzibatçı tutur və şəhərin idarə olunması siyasətini müəyyən edir, inzibatçı isə bu siyasəti həyata keçirir. Şura bu cür inzibatçını istənilən vaxt işə götürə və işdən çıxara bilər.

 

Amerika  politoloqlarının  fikrincə, bu idarəetmə  formasının  üstünlüyü  ondan  ibarətdir ki, şəhər  idarəsi  inzibati  aparatının  başında  peşəkar  inzibatçı durur. Belə ki, mer  vəzifəsinə  seçilməyə  nail olmuş xadimlərin çoxu şəhəri  idarə  etmək  sahəsində  mütəxəssis  deyildir.

 

Adətən inzibatçılar universitetlərin xüsusi fakültələrində müvafiq hazırlıq keçirlər. Onlara korporasiya rəhbərlərinin əmək haqqı ilə müqayisə edilə biləcək yüksək maaş verirlər. Onlar şöbə və xidmətlərə rəhbərlik üçün ixtisaslı peşəkarları seçir, onlar da öz növbələrində öz şöbələrinə mütəxəssisləri götürürlər. Bu da bütün aparatın səmərəli işləməsinə səbəb olur.

 

3. İdarəetmənin komission forması bir orqanda qanunverici və icraedici hakimiyyəti birləşdirir.

 

Bələdiyyə komissiyasının hər bir üzvü həm də şəhər idarəsi şöbəsinin başçısı olur. Şəhər komissiyası 5 nəfərdən ibarətdir. İdarəçiliyin bu formasının məziyyəti ondan ibarətdir ki, şəhər idarəsi siyasətini müəyyən edən şəxslərin özləri də həmin siyasəti həyata keçirirlər.

 

Bu formanın nöqsanı isə ondan ibarətdir ki, komissiya üzvləri çox vaxt şəhər idarəsi şöbəsinin başçısı üçün zəruri olan ixtisasa malik olmurlar.

 

 

Məktəb dairləri və xüsusi dairələr

 

Dairələr Yerli özünüidarənin ən çoxsaylı formasıdır. Məktəb dairələri məktəblərə rəhbərlik etmək və onları maliyyələşdirmək üçün, xüsusi dairələr isə müxtəlif funksiyaları yerinə yetirmək üçün (yanğından mühafizə, su təchizatı, mənzil tikintisi və s.) yaradılır. Adətən bu dairələr idarəçilik orqanlarının göstərmədiyi xidmətləri göstərmək məqsədilə təşkil olunur. Çox vaxt dairələr, xüsusilə məktəb dairələri fəaliyyətin bu və ya digər sahəsini siyasət dairəsindən çıxarmaq üçün yaradılır. Məsələn, ABŞ-da məktəb sistemlərinin çoxu qraflıq və şəhərlərin idarəetmə orqanlarının yurisdiksiyasından çıxmağa və ictimai məktəblərin 90 faizini əhatə edən məktəb dairələri yaratmağa nail olmuşlar. Əhali istəmir ki, müəllimləri seçkilərdə qalib gəlmiş partiyanı dəstəklədikləri üçün mükafat olaraq işə götürsünlər, yaxud dəstəkləmədikləri üçün işdən çıxarsınlar.

 

Məktəb dairələri və xüsusi dairələr ştatların qanunvericilik yığıncaqlarının qərarı ilə yaradılır. Onlar maliyyə müstəqilliyindən istifadə edirlər. Onlar vergi qoymaq, göstərdikləri xidmətlərə görə mükafat almaq, istiqrazlar buraxmaq hüquqlarına malikdir. Məktəb dairələri və xüsusi dairələr mövcud ərazidə digər idarəetmə orqanları ilə əlaqələr yaratmadan fəaliyyət göstərirlər.

 

Bütün Yerli özünüidarə orqanlarının xərclərinin 30 faizi, o cümlədən təhsil xərclərinin 80 faizi məktəb dairələrinin, 11 faizi isə xüsusi dairələrin payına düşür.

 

Beləliklə, ABŞ-da Yerli özünüidarənin mürəkkəb sistemi mövcuddur. Bu sistem özünün üç xarakterik xüsusiyyətinə görə xeyli səmərəli fəaliyyət göstərir:

 

-  Yerli özünüidarənin bütün orqanlarının səlahiyyətləri qanunvericilik qaydasında dəqiq müəyyən edilmişdir.

 

- Yerli idarə orqanları öz səlahiyyətləri hüdudlarında tamamilə müstəqildirlər.

 

- Yerli özünüidarə orqanları onların inzibati-təsərrüfat müstəqilliyini təmin edən möhkəm maliyyə bazası əsasında fəaliyyət göstərirlər.

 

 

* * *

 

 

ABŞ-da YERLİ ÖZÜNÜİDARƏ ORQANLARİ

 

Ellis Kats (Templ Universiteti,  Filadelfiya)

 

Birləşmiş Ştatlarda Yerli özünüidarə orqanları. Amerika federalizmi əsasında yaradılmış müxtəlif hakimiyyət orqanları arasındakı münasibətlərin mürəkkəb sistemi çərçivəsində fəaliyyət göstərirlər. Amerika federalizmi bir tərəfdən Yerli orqanların fəaliyyət çərçivəsini daraldır, digər tərəfdən onlara, əks halda onların məşğul ola bilməyəcəkləri tədbirlər və proqramları həyata keçirmək hüququ verir. Bu məqalə ABŞ-da özünüidarə və federalizm ideyalarının Yerli hakimiyyət orqanlarının təşkilinə və fəaliyyətinə necə təsir göstərməsinə həsr edilmişdir.

 

ABŞ Konstitusiyası ölkə hökumətinə müəyyən çərçivədə səlahiyyətlər verir. Bu səlahiyyətlər xeyli geniş olmasına və 1789-cu ildə Konstitusiya qəbul edildikdən bəri hədsiz artıb böyüməsinə baxmayaraq, yenə belə nəzərdə tutulur ki, ölkə hökuməti yalnız və yalnız Konstitusiyanın ona verdiyi səlahiyyətlərə malikdir. Bütün qalan hüquqlar ştatlar sərəncamında qalmaqdadır. ABŞ Konstitusiyasında Yerli özünüidarə haqqında heç nə deyilmir və belə qəbul olunub düşünmək ki, yerlərdə hakimiyyətin təşkili heç də federal hökumətin deyil, ştatların öz işi və qayğısıdır.

 

Lakin bu o demək deyildir ki, federal hökumət Yerli özünüidarə orqanlarına heç bir təsir göstərmir. Misal üçün deyək ki, federal Konstitusiya ştatların müdiriyyətinə və Yerli hakimiyyət orqanlarına öz sakinlərinin vətəndaşlıq hüquqları və azadlıqlarını məhdudlaşdırmağı qadağan edir. Konstitusiya onlara digər ştatların vətəndaşları barədə ayrı-seçkilik salan qanunları qəbul etməyə yol vermir. Digər ştatlarda yerləşən müəssisələri əlverişsiz vəziyyətdə qoyan vergi və nizamasalma üzrə tədbirləri də qadağan edir. Bundan əlavə, şəhərlər və Yerli özünüidarənin digər həlqələri federal hökumətin həyata keçirdiyi məqsədli maddi yardımlar proqramında iştirak edirlər. Bu proqrama əsasən federal hökumət hər il ştatların hakimiyyətinə və Yerli özünüidarə orqanlarına, sosial-iqtisadi inkişafdan tutmuş, təhsil və uşaq qidasına qədər ən müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş 225 milyard dollardan çox maliyyə yardımı ayırır. Bununla belə, Yerli özünüidarə ştatların deyil, federal hökumətin qayğı dairəsinə daxildir.

 

Ümumhüquqi prinsiplərə əsasən, Yerli özünüidarə orqanları ştatların hakimiyyəti tərəfindən yaradılır. Onların təşkilati strukturları, məsuliyyət hüdudları, vergiqoyma üzrə səlahiyyətləri-bütün bunları ştatın müdiriyyəti müəyyən və təyin edir. Mahiyyətcə, məhz ştat hakimiyyəti Yerli özünüidarə orqanlarına "həyat verir", bunsuz onlar heç cür mövcud ola bilməzdilər. Özü də bu halda hüquqi nəzəriyyənin nədən "dəm vurmasından" asılı olmayaraq, siyasi reallıq göstərir ki, Amerikanın istər böyük, istərsə də kiçik şəhərləri hədsiz dərəcədə yüksək muxtariyyətə və müstəqilliyə malikdir.

 

 

Xalq suverenliyinə böyük şövq

 

Hələ 167 il bundan əvvəl fransız Aleksis de Tokvill qeyd etmişdir ki, ABŞ-da fəaliyyət göstərən Yerli özünüidarə modeli amerikalıların xalq suverenliyinə olan şövq və həvəsini əks etdirir. O, bunu nəzərdə tuturdu ki, ayrı-ayrı insanlar və ailələr Yerli icmalarda yaşayış məntəqələri səviyyəsində, bu məntəqələr isə öz növbəsində ştatlar halında birləşmişlər və bu proses son nəticədə ümummilli hökumətin yaradılmasına gətirib çıxarmışdır.

 

Bəzi şişirtmə və mübaliğələrə baxmayaraq, Tokvill həqiqətən də belə bir mühüm faktı çox dəqiq tuta bilmişdir ki, Yerli idarə həlqələrini ştat müdiriyyəti, yaxud ölkə hökuməti kimi yuxarıda duran hakimiyyət orqanları deyil, məhz vətəndaşların özləri yaradırlar və bu, Birləşmiş Ştatlarda Yerli özünüidarə haqqındakı sabit və dəyişilməz xalq təsəvvürünü əks etdirir.

 

 

Yaşayış məntəqələrinin müxtəlifliyi

 

Amerikalılar böyüklüyünə və funksiyalarına görə çox müxtəlif olan yaşayış məntəqələrində yaşayırlar. Hazırda ABŞ-da ümumən 36.000 böyük və kiçik şəhər vardır. Amerikalıların demək olar ki, 45 milyon əhalisi 250.000 nəfərdən çox olan şəhərlərdə, daha 40 milyonu, əhalisinin sayı 50.000-dən 250.000 nəfərədək olan orta ölçülü şəhərlərdə, qalan 40 milyonu isə əhalisinin sayı 10.000-dən 50.000-dək olan kiçik şəhərlərdə yaşayır. Birləşmiş Ştatların "şəhərlər məmləkəti" olmasına baxmayaraq, 123 milyon amerikalı, yəni ölkə əhalisinin təxminən 50 faizi əhalisinin sayı 10.000 nəfərdən az olan "cırtdan" şəhərciklərdə, şəhər tipli qəsəbələrdə və kənd yaşayış məntəqələrində yaşayırlar.

 

Əhalinin sayına görə yaşayış məntəqəsinin ölçüsü onun istifadə edə biləcəyi xidmətlər növünü və həyat tərzini müəyyən edir. Birləşmiş Ştatlarda bir çox kiçik yaşayış məntəqələrinin öz hesabına polis və yanğınsöndürmə xidmətlərini, məktəb və kitabxanaları, kanalizasiya sistemini və s. saxlamaq imkanı yoxdur. Buna görə bu cür kiçik məntəqələr belə xidmətləri birgə təşkil etmək üçün öz səviyyələrində olan qonşu məntəqələrlə birləşir, yaxud həmin xidmətlərin təmin edilməsi barədə ştat və ya dairə hakimiyyəti ilə müqavilə bağlayırlar.

 

Eyni zamanda, böyük şəhərlərin ölçüsünün özü bir çox cəhətdən hakimiyyət strukturunu və həyat tərzini müəyyən etmiş olur. Məsələn, iri şəhərlər adətən "güclü meri" olan özünüidarə sisteminə malik olurlar, çünki belə hesab edilir ki, yalnız böyük səlahiyyətlərə malik olan vahid bir şəxsiyyət çoxsaylı və müxtəlif tərkibli şəhər əhalisi çərçivəsində rəhbərlik və ehtiyatları səfərbər etməyə qadirdir. Bir çox orta və kiçik şəhərlər siyasi partiyalardan kənarda duran və zəruri peşə hazırlığı keçən şəhər rəislərini özlərinə mer seçirlər ki, onlar hakimiyyətin gündəlik fəaliyyətinə nəzarət etsinlər. Digər tərəfdən, kiçik şəhərlər bir sıra hallarda kollegial idarəetmə formasına üstünlük verirlər ki, bu halda kollegial orqanlara həm qanunverici, həm də icraedici hakimiyyət verilir. Daha kiçik yaşayış məntəqələrində demək olar ki, hər bir sakinin hansısa siyasi lideri şəxsən tanıyan qohumu, yaxud dostu var. Buna görə kiçik yaşayış məntəqələrində siyasi qərarlar qəbul edən şəxslərin qəbuluna düşmək, yaxud onlarla ünsiyyət yaratmaq böyük şəhərlərdəkinə nisbətən xeyli asan olur.

 

 

Şəhərlərdən şəhər kənarına hərəkət

 

Amerikalıların harada və necə yaşamasına təsir göstərmiş demoqrafik tendensiyalardan biri də əhalinin şəhərlərdən şəhərətrafı zonalara köçməsidir. Bu cür miqrasiya böyük şəhər aqlomerasiyalarının yaranmasına səbəb olmuşdur. Aqlomerasiyaya adətən bir və ya bir neçə kifayət qədər iri şəhər və bu şəhərlərə qovuşmuş külli miqdarda nisbətən kiçik və müstəqil yaşayış məntəqələri daxildir.

 

İdarəetmə sahəsində bu cür - şəhərlərə və şəhərətrafına bölünmə mürəkkəb problemlər yaradır. Məsələn, Filadelfiya şəhərində təxminən 1,5 adam yaşayır, lakin Filadelfiya aqlomerasiyasının (bura Filadelfiya şəhərindən əlavə Pensilvaniya ştatının qonşuluqda yerləşən dörd mahalı daxildir) əhalisinin sayı artıq 4 milyona çatır və inzibati cəhətdən bu aqlomerasiya üç şəhərə, 92 kiçik şəhərə (10 mindən az əhalisi olan bu cür şəhərcikləri adətən "boro" adlandırırlar) və şəhər tipli 45 qəsəbəyə bölünür.

 

Dünyanın bir çox ölkələri üçün bu cür hakimiyyət bölgüsü qətiyyən əl verməzdi, belə ki, şəhərlər ətraf əraziləri özlərinə birləşdirməklə, yaxud bütün şəhər aqlomerasiyası üçün vahid idarə orqanı yaradaraq genişlənməyə başlayırdılar. Hər halda, kiçik şəhərətrafı hakimiyyət strukturları daha böyük həlqələrdə birləşmək məcburiyyətində qalardılar.

 

Lakin Birləşmiş Ştatlarda vətəndaşlar bu cür cəhdlərə həmişə müqavimət göstərmiş və öz yaşayış məntəqələrinin bütövlüyünü qoruyub saxlamaqla yanaşı ictimai xidmətlərin fəaliyyətini əlaqələndirmək yollarını taparaq, bu sahədə də xeyli bacarıqlı olduqlarını nümayiş etdirmişlər. Adətən ştatların Konstitusiyaları və qanunlarında ümumi məqsədli Yerli özünüidarə formaları kimi böyük, orta və kiçik ölçülü şəhərlər, ştatın inzibati bölmələri kimi dairələr, məktəb dairələri və daha 33.000 digər ixtisaslaşdırılmış dairə nəzərdə tutulur ki, bunlar məhdud həcmli vəzifələri həll etməklə, inzibati yurisdiksiyanın hüdudlarından kənarda və daha iri idarə həlqələri yaratmadan müvafiq xidmətlərin fəaliyyətini təmin edir və uzlaşdırırlar.

 

 

Yerli özünüidarə bölmələri

 

Hər bir ştat, Konnektikut və Rod-Aylend istisna edilməklə, dairələrə bölünmüşdür ki, bu dairələr də özlüyündə ştatın öz bölmələrini təşkil edir. Bu dairələr bir qayda olaraq, xeyli ərazini əhatə edirlər. Dairələr öz ölçüləri ilə bir-birlərindən kəskin fərqləndiklərinə görə ştat qanunu adətən onları əhalinin sayından asılı olaraq kateqoriyalara ayırır. Dairələrin hakimiyyət orqanlarının əhalinin sayından asılı olaraq əldə etdikləri səlahiyyətlər arasında kiçik fərqlər mümkündür. Dairələrin şəhər, şəhərətrafı və ya kənd əhalisi ola bilər və buna görə, demoqrafik xüsusiyyətlərin dəyişilməsi ilə onların funksiyalarının da dəyişməsi qanunauyğun haldır. Dairələrin əsas funksiyalarına məhkəmə hakimiyyəti, ictimai təhlükəsizlik və seçkilərin təşkili aiddir. Lakin onu da qeyd etmək lazımdır ki, dairələr son illər bir sıra yeni funksiyaları - bərk tullantıların xaric edilməsi, səhiyyə, kitabxanalar, texniki və Yerli kolleclər, ətraf mühitin qorunması kimi funksiyaları da öz öhdələrinə götürmüşlər.

 

Şəhər tipli qəsəbələr lap əvvəlcədən hakimiyyət orqanları bölmələri olmuş və hər şeydən öncə yolların istismarına görə cavabdehlik daşımışlar. Hazırda onlar polis və yanğından mühafizə, zibilin yığılması, rekreasiya və iqtisadi inkişaf kimi sahələr də daxil olmaqla bütün idarə funksiyalarını həyata keçirirlər. Ştat qanunu adətən şəhər tipli qəsəbələri əhalinin sayından və sıxlığından asılı olaraq kateqoriyalara bölür. Ştatların çoxunda bu yaşayış məntəqələri kiçik şəhərlərdən demək olar ki, heç nəylə fərqlənmirlər, yeganə fərq ondadır ki, onların bələdiyyə nizamnamələri olmur.

 

Şəhərlər ştatın onlara verdiyi nizamnamələr çərçivəsində fəaliyyət göstərən bələdiyyə qurumlarıdır. 18-ci əsrin ikinci yarısına qədər ştatlar bir qayda olaraq hər bir bələdiyyə idarəsinə məxsusi onun üçün hazırlanmış nizamnamə verirdilər. Əsrimizin ikinci yarısında urbanizasiya inkişafı prosesində ştatların çoxu ümumi bələdiyyə nizamnamələrini (bəzən kiçik variasiyalarla) işləyib hazırladılar, belə ki, hazırda əhalisi müəyyən saya çatan (adətən 10.000 nəfərə) yaşayış məntəqəsi nizamnamə almaq və bələdiyyə qurumu olmaq üçün ştata müvafiq ərizə ilə müraciət edə bilər.

 

Əhalisinin sayı müxtəlif olan məntəqələr bir qayda olaraq, müxtəlif tipli nizamnamələr alırlar, belə ki, böyük şəhərlərin nizamnamələri adətən, daha kiçik şəhərlər üçün nəzərdə tutulduğundan fərqli olan özünüidarə formasını nəzərdə tutur. Bu zaman, adətən iri şəhərlər vergiqoyma və nizamasalma sahəsində daha böyük səlahiyyətlərə malik olurlar. Lakin bütün hallarda bələdiyyə qurumlarına verilən səlahiyyətlər dar çərçivədə təfsir edilməlidir. Hakim Con Dillonun 1868-ci ildə çıxardığı məşhur qərardad bəyan edir:

 

"Ümumi və danılmaz norma ondan ibarətdir ki, bələdiyyə qurumu yalnız aşağıdakı səlahiyyətlərə malikdir və yalnız onları həyata keçirə bilər; birincisi, bilavasitə müəyyən edilmiş səlahiyyətlərdir; ikincisi, zəruri və ya bilavasitə müəyyən edilmiş səlahiyyətlərin ədalətlə nəzərdə tutduqları və ya onlardan doğanlardır; üçüncüsü, bələdiyyə qurumunun bəyan etdiyi məqsəd və vəzifələrin əldə olunması üçün əhəmiyyətli olan və dəyişməz səlahiyyətlərdir. Bu və ya digər səlahiyyətə dair hər hansı bir ədalətli, səmərəli və əsassız şübhə məhkəmə tərəfindən bələdiyyə qurumunun xeyrinə həll edilmir və həmin səlahiyyət rədd edilir".

 

Hazırda "Dillonun qərardadı" adlandırılan bu müddəa texniki baxımdan düzgün olsa da, Tokvillin bundan cəmi 37 il əvvəl müşahidə etdiyi tarixi və siyasi gerçəkliyi şübhə altına qoyur.

 

 

Özünüidarə

 

Con Dillonun Yerli hakimiyyətin daşıdığı funksiyalara məhdudiyyət qoyan təfsirinə qarşı ştatlar Yerli orqanları təyin etməyin yeni üsulunu tapmalı oldular. Bu, Amerikanın xalq suverenliyi ənənələrinə uyğun gələn bir üsul idi.

 

Məsələn, ştatlar 1875-ci ildə Missuri ştatından başlayaraq öz konstitusiyalarına yaşayış məntəqələri üçün özünüidarə haqqında müddəaları daxil etməyə başladılar. Bu mənada Pensilvaniya ştatının özünüidarə haqqındakı konstitusiya norması olduqca səciyyəvidir. Həmin normada bəyan edilir ki, "bələdiyyələrin" özünüidarə nizamnamələrini yaratmaq hüququ və səlahiyyətləri olmalıdır". Bu cür nizamnamələr çərçivəsində fəaliyyət göstərən "bələdiyyə mövcud Konstitusiya ilə, onun özünüidarə nizamnaməsi ilə və ya Baş Assambleya tərəfindən qadağan olunmamış istənilən səlahiyyəti həyata keçirə və istənilən funksiyanı yerinə yetirə bilər". Pensilvaniya qanunvericiliyi üzrə həmçinin dairələr və şəhər tipli qəsəbələr üçün özünüidarə imkanı da nəzərdə tutulmuşdur.

 

Hazırda bir çox ştatlar özünüidarə haqqında bu və ya digər konstitusion normaya malikdir. Bu cür normaların böyük əksəriyyətinə görə, yaşayış məntəqəsinin sakinləri öz nizamnamələrini tərtib və qəbul edirlər ki, bunlar da şəhər üçün bir növ konstitusiya rolunu oynayır. Özünüidarə nizamnamələri yaşayış məntəqələrinin tarixi müstəqilliyi və muxtariyyətinin bərpasında əndazədən çıxsalar da, vətəndaşlar ştatın konstitusiyasına, yaxud qanunlarına qəsd edən nizamnamələri qəbul etmək istəmirlər. Hətta ştatların məhkəmələri özünüidarə nizamnamələrini təfsir etməyə borcludurlar və çox vaxt onlar Yerli hakimiyyəti dar mənada qəbul edərək Dillonun qərardadına qayıtmalı olurlar.

 

 

Məktəb və ixtisaslaşdırılmış dairələr

 

Dairələrə, şəhər tipli qəsəbələrə və şəhərlərə əlavə olaraq, ştatlar, həmçinin məktəb və digər ixtisaslaşdırılmış dairələri yaradırlar. Məktəb dairələri Yerli səviyyə ilə ştat səviyyəsi arasındakı gərginliyi əyani nümayiş etdirir. Keçmişdə ştatlar yaşayış məntəqələrinə sadəcə olaraq ictimai məktəblər yaratmaq səlahiyyətlərini verirdilər (bəzən bu, bir vəzifə kimi öhdəyə qoyulurdu). Bu cür məktəblərin təşkilini, tənzimlənməsini və maliyyələşdirilməsini Yerli sakinlər təmin edirdilər. Lakin ictimai təhsil mürəkkəbləşdikcə və təhsil xərcinin böyük hissəsini ştatlar maliyyələşdirdikcə, tədris planları və məktəb kadrları kimi mühüm məsələlərdə ştatların rolu getdikcə artmağa başladı. Hazırda əvvəlki kimi Yerli qüvvələrlə ştatlar arasında Yerli məktəblər üzərində nəzarət məsələsində müəyyən anlaşılmazlıqlar mövcuddur.

 

Bərk tullantıların xaric edilməsi, ictimai nəqliyyat, yanğından mühafizə və digər məsələlərlə əlaqədar olan ixtisaslaşdırılmış dairələr iki səbəbə görə yaranmışdır. Birincisi, ştatların konstitusiyaları Yerli borcların ölçüsünü məhdudlaşdırdığından, ixtisaslaşdırılmış dairələr bəzən ona görə yaradılır ki, istiqraz buraxılışı vasitəsilə bahalı layihələri maliyyələşdirə bilsinlər. İkincisi, bəzi problemlər bir neçə Yerli özünüidarə orqanını əhatə etdiyindən, ixtisaslaşdırılmış dairə müxtəlif yurisdiksiyalara aid olan konkret problemin həlli üçün yaradıla bilər. İxtisaslaşdırılmış dairələrin konkret quruluşu və səlahiyyətlərindən asılı olmayaraq, kiçik Yerli idarəetmə həlqələrinin daha iri regional idarələr şəklində birləşməsi prosesinin qarşısını almaqda xeyli faydalı rol oynamışdır.

 

 

Yerli özünüidarə orqanları kimə hesabat verir?

 

Yerli özünüidarənin problemləri haqqında düşünərkən, qarşıya çıxan bəlkə də ən başlıca sual ondan ibarət olur ki, bu orqanlar kimə hesabat verir:

 

Bəzi ölkələrdə Yerli özünüidarə orqanları əsl həqiqətdə Yerli idarə aparatını təşkil edirlər və Yerli məmurlar yuxarıda duran bu və ya digər hakimiyyətlərə hesabat verməlidirlər. Bu cür ölkələrdə büdcənin pul toplanışı bir qayda olaraq mərkəzləşdirilmişdir və bir çox hallarda mərkəzi hakimiyyət Yerli xərclərə nəzarət edirlər, bəzən isə Yerli məmurların fəaliyyətinə nəzarət etmək üçün xüsusi qubernator təyin olunur.

 

Bununla belə, Birləşmiş Ştatlarda Yerli məmurlar ilk növbədə xalqa hesabat verməli olurlar. Yaşayış məntəqələri öz gəlirlərinin əsas hissəsini özləri yığırlar. Mərkəzləşdirilmiş auditin funksiyaları xeyli məhduddur, ştatlarda yaşayış məntəqələrinin işləri üzrə departamentlər isə heç də Yerli hakimiyyətlərə nəzarət etmək üçün deyil, əksinə, onlara xidmət göstərmək üçün mövcuddur.

 

Bununla belə, Yerli özünüidarə orqanları tam müstəqil deyillər. Onlar ştatın konstitusiyası və qanunları çərçivəsində təxminən ştatların özünün ABŞ Konstitusiyası çərçivəsində fəaliyyət göstərdikləri kimi fəaliyyət göstərirlər. Həqiqətən də, ayrı-ayrı ştatlar - məsələn, Konnektikut, Nyu-Hempşir və Yeni İngiltərənin və Orta Atlantik regionunun bir çox ştatları onların tərkibinə daxil olan yaşayış məntəqələrinin sanki federasiyası kimi fəaliyyət göstərirlər. Digər bəzi ştatlar, məsələn, Aydaho və Nyu-Meksika kimi ştatlar isə daha çox mərkəzləşdirilmişlər və öz yaşayış məntəqələrinin fəaliyyətinə səylə nəzarət edirlər.

 

Yaşayış məntəqələri və ştatlar arasındakı münasibətlərə necə qiymət verməyimizdən asılı olmayaraq Yerli özünüidarənin tərəfdarları ilə mərkəzləşdirmənin müdafiəçiləri arasında həmişə gərginlik olacaqdır. Bu cür gərginliyin mövcudluğu faktı, habelə yaşayış məntəqələrinin və ştatların səlahiyyətlər bölgüsü üstündə bir-birləri ilə daim sövdələşib mübahisə etmələri faktı onu göstərir ki, 19-cu əsrdə Tokvillin Yerli hakimiyyət orqanlarının müstəsna əhəmiyyəti barədəki qeydləri bu gün də öz aktuallığını itirməmişdir və əvvəlki kimi Amerikanın ictimai sistemi üçün olduqca xarakterikdir.

 

 

*  *  *

 

 

ABŞ-da YERLİ HAKİMİYYƏT ORQANLARININ SƏLAHİYYƏTLƏRİ

 

Devid R. Berman (Arizona ştatı Universiteti)

 

Bir neçə il əvvəl orta miqyaslı Amerika şəhərindən birinin meri özünün üç başlıca problemini sadalamışdır: "pul, maliyyə və gəlir". ABŞ-dakı Yerli hakimiyyət orqanlarının bütün işçiləri kimi o da maliyyə problemlərinin həlli üçün çox az iş görə bilərdi. Hazırda ABŞ-da iqtisadi şərait yaxşılaşdıqdan sonra, Yerli büdcələrin üzərinə düşən yük bir qədər yüngülləşmişdir. Lakin ştatların rəhbərliyi həm maliyyə problemlərinin həllində Yerli orqanların işçilərinə kömək mənasında, həm də ştat təsisatlarının Yerli orqanların qarşısında qoyduqları tələbləri məhdudlaşdırmaq mənasında hələ çox işlər görə bilərlər. Bu problemlərin yaşı Amerika dövlətinin yaşı qədərdir. Yerli hakimiyyət orqanları və ştatlar hakimiyyəti hansı səlahiyyətlərə malik olmalıdırlar və onlar federal hökumətdən nə dərəcədə asılı olmalıdırlar? Devid R. Bormanın məqaləsində Amerika idarəetmə sisteminin mahiyyəti izah edilir və bu sistemin inkişafının bəzi tendensiyaları təhlil olunur.

 

Amerika inqilabının yaradıcıları 1787-ci ildə Filadelfiyaya toplaşaraq, ölkə Konstitusiyasını təsis edərkən, onların hamısının yekdilliklə razılığa gəldikləri ən mühüm prinsiplərdən biri bundan ibarət idi ki, hakimiyyət bir nəfərin, yaxud bir dəstə adamın əlində, yaxud eyni bir yerdə cəmləşməməlidir. Onların fikrincə, müstəmləkə hakimiyyətinin istibdadı ilə bağlı olan məşəqqətləri öz üzərlərində hiss etmiş bu adamlar gələcək Respublikanın yeni dövlət quruluşuna "əyləclər və balanslar" sistemini daxil etmək əzmindəydilər ki, indi-indi təbəədən vətəndaşa çevrilmiş insanların azadlıqlarını qoruya bilsinlər.

 

Hakimiyyətin federal səviyyədə prezident, Konqres və Ali məhkəmə arasında bölüşdürülməsi ABŞ Konstitusiyasında "əyləclər və balanslar" sisteminin bəlkə də ən tipik nümunəsidir. Dövlətin baniləri həmçinin federal hökumətin ştatlar, dairələr və yaşayış məntəqələri üzərində həyata keçirdiyi hakimiyyət üçün də analoji sistem yaratmaq niyyətində idilər. ABŞ Konstitusiyasının baş arxitektoru sayılan Ceyms Medison bu müddəanı aşağıdakı şəkildə düsturlamışdı: "Federal hökumətə verilən səlahiyyətlər azsaylıdır və dəqiq müəyyən olunmuşdur". Buna görə Konstitusiyanın yaradıcıları belə qərara gəlmişdilər ki, ABŞ-da Yerli özünüidarə sistemi federal hökumətin deyil, ştat rəhbərliyinin nəzarəti altında olmalıdır və bu nəzarət sərt xarakter daşımalıdır.

 

ABŞ hökuməti vergilərin yığılması və vəsaitin xərclənməsi üzrə səlahiyyətlərə malikdir, lakin Yerli hakimiyyət orqanları da ştatlar hakimiyyətinin rəhbərliyi altında, federal hökumətdən asılı olmadan elə həmin səlahiyyətlərə malikdirlər.

 

Xaricdən gələnlər ABŞ-da nə qədər çox məsələnin Yerli səviyyədə həll olunduğunu gördükdə təəccüb hissi keçirirlər. Bu dərəcədə desentralizasiya olunmuş, əvvəllər israfcıl və mürəkkəb sayılan dövlət idarəçiliyi sistemi getdikcə daha çox hakimiyyətin  hədsiz dərəcədə cəmlənməsi nəticəsində xoşagəlməz hallarla qarşılaşmalı olmuş ölkələrin böyük marağına səbəb olur.

 

ABŞ-ın mövqeyi həmişə bundan ibarət olmuşdur ki, ən yaxşı dövlət idarəçiliyi sistemi xalqa yaxın olanıdır. Əgər məsələn, kanzaslılar özlərində başqalarından, məsələn, Şimali Korolinadan fərqlənən maşın yolu çəkmək, yaxud başqa tədris proqramı tərtib etmək istəsələr, Konstitusiya onlar üçün belə bir hüququ təmin edir. Həqiqətən də, ştatların əksəriyyəti onlara tabe olan Yerli özünüidarə orqanlarına ştat hakimiyyətindən və federal hökumətdən asılı olmadan Yerli nəzarəti tam həyata keçirməkdə xeyli sərbəstlik verir. Bura, o cümlədən yerlərdə müəyyən parametrlər çərçivəsində gəlirin alınması da daxildir.

 

 

Yerli səviyyədə əsas gəlir mənbələri

 

ABŞ-da Yerli hakimiyyət orqanları - əsasən dairə və şəhər hakimiyyətləri öz şəxsi mənbələrindən əldə edilən gəlirin 65 faizinə sahib dururlar. Bu xeyli böyük məbləği saxlamaq və ya artırmağa çalışırlar, belə ki, onların təsəvvürüncə, yerlərdə gəlirin yığılması Yerli nəzarəti maksimum dərəcədə təmin edir. Qalan gəlir ştatların və federal hakimiyyət də daxil olmaqla müxtəlif mənbələrdən alınır. Lakin bu yardımın bir hissəsi müəyyən şərtlər və məhdudiyyətlərlə verilir. Yerlərdə alınan gəlirlərdən danışsaq, demək olar ki, hər yerdə maliyyələşdirmənin əsas mənbələrindən biri yaşayış evlərinə və qeyri-yaşayış mülklərinə qoyulan vergidir. İri mülkiyyətlərin çoxu, habelə böyük gəlir sahibləri dövlət idarəçiliyi sisteminin maliyyələşdirilməsinin başlıca mənbələri sayılır. Əmlak vergisi Yerli hakimiyyət orqanları üçün ayrıca götürülmüş ən iri gəlir mənbəyidir: maliyyələşdirmənin ümumi həcminin təxminən 26 faizi onun payına düşür. Yerli hakimiyyətin gəlirinin 5 faizi Yerli səviyyədə satışa qoyulmuş vergidən, 2 faizi ayrıca Yerli gəlir vergisindən və təxminən 14 faizi müxtəlif xidmətlərdən istifadəyə görə və digər ödənişlərdən əldə edilir.

 

Ştat hakimiyyətləri həmçinin, Yerli özünüidarə orqanlarına başlıca olaraq dotasiyalar formasında və ştatların vergi yığımının bir hissəsini onlara qaytarmaq vasitəsilə maliyyə yardımı edirlər. Adətən dotasiyalar konkret proqramlar üçün, deyək ki, təhsil, yaxud nəqliyyat sahəsindəki proqramlar üçün nəzərdə tutulur. Ştatların hakimiyyəti Yerli hakimiyyət orqanları ilə ən çox satış vergisi, gəlir vergisi və benzin vergisindən götürülən vəsaiti bölüşürlər. Dotasiyalarda olduğu kimi bu gəlirin bir hissəsi heç bir məhdudiyyətlə bağlı deyildir, bir hissəsi isə konkret məqsədlər, məsələn, avtomagistralların keyfiyyətini yaxşılaşdırmaq üçün nəzərdə tutulur. Ştatlar hakimiyyətlərinin bələdiyyələrə maliyyə yardımı ştatların xərcinin ümumi həcminin orta hesabla təxminən üçdə birini təşkil edir.

 

Son iyirmi ildə xidmətlərdən istifadəyə görə ödəmə Yerli səviyyədə su gəlirinə və kanalizasiyaya görə ödəmədən tutmuş müxtəlif nəqliyyat xidmətlərinə qədər ən müxtəlif xidmətlərin maliyyələşdirilməsi üçün getdikcə daha geniş tətbiq olunur. Bu tendensiya belə bir təsəvvürə əsaslanır ki, bu və ya digər xidmətdən istifadə edən şəxs mütləq bunun haqqını ödəməlidir. Bəzən, hətta bu xidmətlərdən dolayı yolla istifadə edənlərdən də haqq alınır. Məsələn, yaşayış və qeyri-yaşayış mülklərini tikənlərdən də çox vaxt haqq alınır ki, inşaata, yaxud yolların və kollektorların genişləndirilməsinə və s. xidmətlərə sərf olunan xərclərin müəyyən hissəsini ödəyə bilsinlər.

 

Əlavə gəliri, ştatların hakimiyyətinə məxsus olan alkoqol satışı üzrə mağazalar və leqallaşdırılmış qumarxanalar kimi Yerli kommersiya müəssisələri də daxil olmaqla müxtəlif digər mənbələrdən, habelə Yerli istiqrazların buraxılışından alınır.

 

 

Yerli özünüidarə sistemində əyləclər mexanizmi

 

Konstitusiyaya əsasən ştatlara, ştatlar vasitəsilə isə Yerli hakimiyyət orqanlarına verilmiş səlahiyyətlər federal hökumət üçün "əyləclər və balanslar" sistemi kimi qiymətləndirilir. Lakin son illər seçicilər də bəzi hallarda, məsələn, vergilər onlara hədsiz yüksək göründükdə, yaxud bələdiyyə hakimiyyətinin proqramları hədsiz geniş olduqda, Yerli özünüidarə orqanlarının hakimiyyətinin qabağını almağa çalışırlar.

 

Seçkilər yolu ilə təmin edilən aşkar nəzarətə əlavə olaraq seçicilər bir çox şəhərlərdə referendumdan istifadə edirlər ki, dəyişiklikləri həm ştat hakimiyyəti səviyyəsində, həm də Yerli hakimiyyət səviyyəsində tezləşdirsinlər. Referendumlar, yaxud birbaşa demokratiyanın nümunəsi olan və səsverməyə əsaslanan təşəbbüslər bütün ştatların təxminən yarısının ərazisində keçirilir.

 

Son iyirmi ildə bu sahədə ən çox Kaliforniya ştatının seçiciləri fərqlənirdilər. 1978-ci ildə onlar 13 №-li Hüquqi akt təsdiq etdilər. Bu akt əmlaka qoyulan Yerli vergi normasını müəyyən etmiş və əmlakın dəyər qiymətinin artırılması ehtimalına məhdudiyyət qoymuşdur (əmlakın satışı halları istisna edilməklə). Bir sıra digər normaların da qəbul olunması nəticəsində hazırda Kaliforniyada demək olar ki, bütün Yerli gəlir mənbələri (vergilər, ödəmələr və rüsumlar) seçicilərin minimum üçdə ikisi tərəfindən təsdiq edilməlidir.

 

Ştatların və Yerli hakimiyyət orqanlarının hakimiyyət səlahiyyətlərinə qoyulan bu cür məhdudiyyətlər digər ştatlarda da federal hökumət tərəfindən deyil, seçicilər tərəfindən təşkil edilmişdir. Referendumların keçirilmədiyi ştatlarda seçicilər və digər marağı olan tərəflər Yerli özünüidarə orqanlarının, onların fikrincə, həddindən artıq böyük hakimiyyətlərinə, ştatların qanunvericilik orqanları vasitəsilə məhdudiyyət qoya bilirlər.

 

Kütləvi informasiya vasitələri də həmçinin, Yerli hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət edən orqan qismində çıxış edirlər. Ölkədə bir sıra ümummilli televiziya,  radio şəbəkələri və qəzetlərin olmasına baxmayaraq, KİV-nin əksəriyyəti Yerli səviyyədə işləyirlər. Əgər məsələn, tutaq ki, Yerli hakimiyyət vergilərin artırılması təklifi ilə çıxış edirsə, bu addımın düzgün olub-olmamasından asılı olmayaraq Yerli qəzetlər, televiziya və radiostansiyalar bu barədə mütləq vətəndaşlara məlumat verəcəklər.

 

 

ABŞ-da Yerli özünüidarənin inkişaf tendensiyaları

 

Son illər seçicilər arasında Yerli özünüidarə orqanlarının səlahiyyətlərini məhdudlaşdırmaq meyli qabarıq üzə çıxdığı halda, ştatlar səviyyəsində və federal səviyyədə əks tendensiya, yəni daha çox səlahiyyətlərin Yerli hakimiyyətlərə ötürülməsi tendensiyası diqqəti cəlb etməkdədir. Artıq dediyimiz kimi axırıncısı ona görə edilir ki, Yerli hakimiyyət orqanları yerlərdə daha çox təşəbbüs göstərə və xərclərin böyük hissəsini maliyyələşdirə bilsinlər.

 

Bu, Yerli hakimiyyəti gəlir əldə etmək üçün daha çox yaradıcı sxemlərin axtarışına həvəsləndirmişdir. Bunlara aiddir: vergilərin məqsədli artırılması, şəhər xidmətlərinin podratçıların sərəncamına ötürülməsi və təqdim olunan xidmətlərin səmərələşdirilməsi məqsədilə digər Yerli özünüidarə orqanları ilə partnyorluq münasibətlərinin yoluna qoyulması. Ştatların rəhbərliyi bu cür regional proqram və təşəbbüslərin həyata keçirilməsinə əsasən müsbət yanaşırlar.

 

Gəlirlərin alınması üzrə hüquq və səlahiyyətlərin genişləndirilməsinin Yerli idarə orqanlarının işçiləri üçün əvvəlki kimi böyük əhəmiyyəti olsa da, onların bəziləri "məcburi proqramların", yəni baha başa gələn və ştat hakimiyyətinin heç bir əlavə pul vəsaiti buraxmadan Yerli hakimiyyətdən yerinə yetirilməsini məcburi qaydada tələb etdiyi proqramların ixtisar olunmasını bəlkə də daha əhəmiyyətli sayırlar. Bundan da, ştatların hakimiyyəti tərəfindən Yerli özünüidarə orqanlarına verilən məcburi tapşırıqların həcminin ixtisar edilməsi tendensiyası yaranır.

 

Lakin daha böyük desentralizasiyaya olan meyl heç də mütləq xarakter daşımır.

 

Bəzi ştatlar öz üzərlərinə əlavə öhdəliklər götürmüşlər; bu, ilk növbədə, Yerli məhkəmə və dustaqxanalara, səhiyyə sahəsinə ehtiyacı olan idarələrə və sosial yardımın bəzi növlərinə aiddir. Bu və ya digər proqrama görə maliyyə məsuliyyətinin ştat hakimiyyətinə ötürülməsi Yerli özünüidarə orqanlarının maliyyə yükünü yüngülləşdirməklə yanaşı, bəzən ona gətirib çıxarır ki, Yerli hakimiyyət onun tabeliyində olan hadisələr üzərindəki nəzarətini itirir və Yerli sakinlər çox vaxt bununla barışmaq istəmirlər.

 

Ştatlar və Yerli özünüidarə orqanları hakimiyyətləri arasındakı münasibətlər heç şübhəsiz ki, mürəkkəbdir və daim inkişaf edir. Bundan əlavə həmin əlaqələr çoxplanlıdır. Bəzi ştatlarda Yerli özünüidarə orqanları ştat hakimiyyətindən daha az asılıdır - o cümlədən gəlir əldə olunması məsələlərində. ABŞ-da Yerli özünüidarənin nə vahid quruluşu mövcuddur, nə də ştat hakimiyyəti ilə onun ərazisində fəaliyyət göstərən Yerli hakimiyyət arasında ümumi xarakter daşıyan münasibətlər.

 

Bu da danılmaz faktdır ki, Amerika tarixinin müxtəlif dövrlərində hakimiyyətin iki qatının hansı birində isə bəzən hakimiyyət və səlahiyyətlər zəifləyir və bir qatdan o birinə keçirdi. Bu məhkəmə qərardadlarına cavab olaraq, habelə iqtisadi, sosioloji, siyasi və texnoloji halların dəyişilməsi nəticəsində baş verirdi. Bir şəhər o birilərdən varlı idi və öz işlərini daha yaxşı idarə etməyə qadirdir. Digərləri daha çox dərəcədə ştatlar hakimiyyətinin köməyinə möhtacdır. Bütövlükdə isə son illər Yerli özünüidarə orqanlarına daha çox hakimiyyətin qaytarılması meyli aşkar olmaqdadır.

 

Lakin bütün bu təbəddülatlara baxmayaraq, Birləşmiş Ştatların tarixi ərzində belə bir prinsip hakim mövqe tutmuşdur ki, ştatlar hakimiyyəti, onların vasitəsilə də Yerli hakimiyyət orqanları Konstitusiya ilə nəzərdə tutulmuş və federal hökumətin ləğv edə bilməyəcəyi ayrı-ayrı səlahiyyətlərə malik olmalıdır. Bu prinsip Konstitusiyaya onuncu düzəlişdə təsbit edilmişdir: "Bu Konstitusiya ilə Birləşmiş Ştatlara verilməyən və ayrı-ayrı ştatlara qadağan olunmayan səlahiyyətlər müvafiq olaraq ştatların və ya xalqındır".

 

* * *

 

 

PROBLEMLƏRIN HƏLLINƏ TUŞLANMIŞ IDARƏETMƏ

 

Heri D. Makkaleb, Texas ştatı, Ebilen şəhərinin meri)

 

Bizim həyatımızda və işimizdə baş verən dəyişikliklər cəmiyyətin həyatının demək olar ki, bütün cəhətlərinə və deməli, idarəetmənin bütün səviyyələrinə öz təsirini göstərir. Qlobal texnologiyanın bizim həyatımıza təsirini araşdıran Heri D. Makkaleb Amerika Birləşmiş Ştatlarının nümunəsində göstərir ki, insanlar çox vaxt ərazi sərhədlərinə sığmayan qlobal problemləri həll etmək üçün birləşməli, əl-ələ tutub işləməlidirlər.

 

Bizim həyat tərzimizdə baş verən dəyişikliklərin təsvirində tez-tez iki sözdən "qlobal" və "texnologiya" sözlərindən istifadə edirik. Problemlərin xarakteri dəyişildikcə bu hakimiyyətin həmin problemlərin həllinə yanaşma metodu da dəyişilməlidir. Lakin bir anlam heç vaxt dəyişilməməlidir - həmişə aydın surətdə yadda saxlamaq lazımdır ki, Yerli özünüidarənin demokratik sistemi bu dəyişikliklərin nəticələrinə yeni texnologiya qədər güclü təsir göstərir.

 

 

Yeni era

 

Bu yaxınlarda Vaşinqtonda Yerli seçkili hakimiyyət orqanları nümayəndələrinin görüşündə ən çox müzakirə edilən mövzu elektron ticarəti mövzusu idi (ticarətin bu növü çox vaxt "E-ticarət adlandırılır). 1998-ci ildə sifarişləri kompüter vasitəsilə həyata keçirən Amerika alıcıları milyardlarla dollarlıq mal almışdılar. Bu elektron ticarəti əməliyyatlarının böyük əksəriyyəti elektron poçtu vasitəsilə həyata keçirilmişdi. Gözlənilir ki, bu qeyri-adi alqı üsulunun köməyilə həyata keçirilən ümumi xərclər bundan sonra da artmaqda davam edəcəkdir.

 

Lakin burada bir mühüm cəhət diqqəti cəlb edir. Bu mallar Yerli firmaların iştirakı olmadan alındığından, həmin alqılardan Yerli hakimiyyət orqanlarının və ya ştat müdiriyyətinin nəfinə heç bir vergi götürülməmiş və deməli, bu əməliyyatlardan onlar heç bir gəlir əldə etməmişdilər. Vaşinqtonda baş vermiş görüşdə Yerli və federal hakimiyyət orqanları nümayəndələrinin iştirakı ilə bu yeni problemin həlli yollarına həsr edilmiş bir neçə yığıncaq keçirilmişdir.

 

Lakin daha geniş mənada elektron ticarətinin yaranması Birləşmiş Ştatlarda yeni eranın və Yerli hakimiyyət orqanları qarşısında duran məsələlərin xarakterinin dəyişməsi rəmzi sayıla bilər. Hazırda Yerli hakimiyyət orqanları bir şeyi aydın dərk etməlidirlər: texnologiya bizim həyat və iş tərzimizi dəyişdirdikcə, Yerli hakimiyyət orqanlarının qarşısında duran problemlərin xarakteri də dəyişilir və buna görə onların həlli üçün yeni yollar axtarmaq lazımdır.

 

Mövcud halda, yeni problemlərin həlli üçün köhnə qərarlar qətiyyən yaramır. Hazırda mövcud olan sistem ABŞ-da 1998-ci ilə qədər xeyli yaxşı fəaliyyət göstərmişdir, lakin hazırda həmin sistem işlərin aparılması üsuluna uyğun deyildir.

 

 

Virtual sərhədlər

 

Elektron poçtu və elektron ticarəti erası bizim təfəkkürümüzün fundamental elementlərinə ən gözlənilməz şəkildə təsir göstərirlər. Şəhərlərin və inzibati dairələrin sərhədləri faktiki olaraq heç nə demək deyildir. Ştatların sərhədləri və milli sərhədlər getdikcə öz əhəmiyyətini itirir. Məsafə kilometrlərlə deyil, dəqiqələrlə ölçülür.

 

Lap bu yaxınlara qədər şəhəri insanın yaşayış və iş yerinin, onun məktəbinin, kilsəsinin, mağazalarının, əyləncə və istirahət müəssisələrinin olduğu yer kimi müəyyən etmək olardı. Lakin vaxt, zaman ötdükcə insanların daha çox hissəsinin bu həyat elementləri müxtəlif şəhərlərdə, bəzən isə müxtəlif ştatlarda və hətta müxtəlif ölkələrdə yerləşmiş olur; yəni o bir şəhərdə yaşayır, digərində işləyir, üçüncüsündə istirahət edir və s. Şəhərin, dairənin və ştatın sərhədləri demək olar ki, yuyulub yoxa çıxır. Buna görə problemlərin miqyası və onların həlli getdikcə daha tez-tez bu sərhədlərdən kənara çıxır.

 

Beş müxtəlif sahəyə - ticarət, təhlükəsizlik, səhiyyə, təhsil və Yerli ictimai təşkilatlara ötəri baxış bizə kömək edə bilər. Anlamalıyıq ki, problemlərin dəyişilməkdə olan xarakteri Amerika Birləşmiş Ştatlarında Yerli hakimiyyət orqanlarının rolu və fəaliyyətini dərk etməyin yeni yollarını axtarıb tapmağı tələb edir.

 

 

Ticarət

 

Yaşayış məntəqələrinin inkişafında ticarət həmişə mühüm rol oynamışdır və bu vəziyyət gələcəkdə də qalacaqdır. Elektron ticarətinin tətbiqi o deməkdir ki, Yerli sakinlər alış-verişi yeni qaydada edəcəklər. Bu həm də o deməkdir ki, insanlar indən belə başqa cür işləyəcəklər. Sənayedə ənənəvi iş yerlərinin sayının kütləvi surətdə ixtisara düşməsi coşğun inkişaf edən informasiya sahəsində işə düzəlmək imkanının kəskin artması ilə eyni zamanda baş verir. Yerli səviyyədə bu həm pozitiv, həm də neqativ nəticələr doğurur.

 

Bəzi şəhərlərdə pozitiv effekt neqativ faktoru üstələyir. Digər şəhərlərdə bu faktorlardan birinin təsiri digər faktorların təsirini qat-qat üstələyir. Adamlara alqını elektron ticarəti üsulu ilə həyata keçirməyə imkan yaradan elə həmin o texnologiyalar iş yerlərinin adamların malı ala biləcəyi yerlərdən adamların malı alacaqları yerə axınına gətirib çıxara bilər.

 

Bundan əlavə, poçt xidməti elektron üsulla göstərildiyindən xidmət sahəsində güclü yerdəyişmə müşahidə olunur. Əllə sortlaşdırılan poçtu indi aralıdakı istənilən məntəqədən elektron üsulla çeşidləmək mümkündür. Beləcə, mənim yaşadığım Ebilen şəhərində bu yaxınlarda bizdən yüz kilometrlərlə aralıdakı şəhərlərdə yerləşən poçt göndərişlərinin elektron şifrələnməsi üçün bir neçə yüz yer düzəlmişdir.

 

Bizim zəmanəmizdə sot telefonları, faksimilə aparatları və elektron poçtundan geniş istifadə olunması çoxlarına özləri seçdikləri məntəqədən rabitə yaratmağa imkan verir. Bu yaxınlarda bir sahibkar özü üçün kəşf etmişdir ki, o özünün bir çox ştatlarda yerləşən aviasiya yükdaşımaları şirkətlərini telefona, faksa və elektron poçtuna yol olduğu təqdirdə istənilən nöqtədən idarə edə bilər.

 

 

Təhlükəsizlik

 

Birləşmiş Ştatlarda Yerli seçkili orqanların nümayəndələri arasında keçirilən sorğu göstərmişdir ki, onların narahatlığına səbəb olan başlıca problemlərdən biri əvvəlki kimi təhlükəsizlik problemidir. Cinayətkarlıq narkotiklərdən ayrılmaz olmuşdur, narkotiklər isə heç bir sərhəd-şəhər, dairə, ştat, ölkə sərhədlərini tanımaq istəmir, dörd bir tərəfə asanca yol tapıb yayılır. Beləliklə, narkotiklər və cinayətkarlıqla bağlı Yerli problemləri həmin məsələlərlə bağlı beynəlxalq problemlərdən ayırmaq qeyri-mümkün və qeyri- real olmuşdur.

 

Hüquq- mühafizə orqanlarının işçiləri yaxşı bilirlər ki, problem irəlicədən müəyyən edildikdə və həm Yerli, həm də milli səviyyədə həll olunduqda onların işi daha səmərəli ola bilər. Yeni texnologiyalardan qonşuların və müxtəlif ölkələrin əməkdaşlığı üçün yeni yollar açan proqramların işlənib hazırlanmasında istifadə olunur.

 

Lakin təhlükəsizlik məsələlərini şəhərin, ştatın və ya ölkənin dəqiq sərhədləri daxilində həll etmək mümkün deyildir. Müasir qərarlar yeni düşüncə tərzi tələb edir. Təhlükəsizlik məsələlərinin və digər məsələlərin ən səmərəli, yeni həlli yeni düşüncənin-problemin yalnız konkret şəhərə, ştata və ya ölkəyə məxsus olmaması fikrinin aydın dərk edilməsinin nəticəsidir. Yeni problemlər ənənəvi yanaşmaya meydan oxuyaraq, hələ tapılmalı olan qərarları tələb edir. Qabaqcıl texnologiyalar əsrində bu problemləri həll etmək cəhdləri şəhərlərin, ştatların və federal səviyyəli hakimiyyət orqanlarından səmərəli qərarlar strategiyasının qurulması məqsədilə əməkdaşlığın yeni üsullarını axtarıb tapmağı tələb edəcəkdir.

 

Bu məqamı narkotiklərin daşınması məsələsi nümunəsində açıb göstərmək olar. Dövlətlər arasında sərhədlərin hər iki tayındakı ərazi mövcud problemi və onunla birgə müvafiq qərarlar strategiyasını müəyyən edir. Bu heç də müstəsna dərəcədə milli problem deyil və ölkənin bütün regionları bu problemin həllinə heç də eyni dərəcədə kömək edə bilməzlər, necə ki, bunu bütün ştatlar və ya bütün şəhərlər edə bilməzlər. Bununla belə bu, hər üç hakimiyyət qurumundan müəyyən resurslar və onların hər birinin iştirakını tələb edən bir problemdir. Məsələn, federal hökumət hər iki istiqamətdə (transnasional və ölkə regionları miqyaslarında) öz ənənəvi çərçivəsindən kənara çıxmalı, Yerli hakimiyyət orqanları isə öz işlərini genişləndirməli (regionlar və şəhər rayonları üzrə) və yeni, daha səmərəli, perspektivi olan qərarlar işləyib hazırlamalıdır.

 

Tarixi baxımdan bu cür yanaşma şəhərin rolunun tamamilə dəyişilməsi deməkdir. Yüz illər boyu şəhər öz sakinlərinin təhlükəsizliyini qala divarlarının köməyilə təmin edirdi. Lakin bu qədim divarlar qat-qat daha asan uçurulmuşdu, nəinki indiki şəhər və federal hakimiyyəti nümayəndələrinin Yerli hakimiyyət orqanlarının rolu barədəki təsəvvürünün daşlaşmış sədləri.

 

 

Səhiyyə

 

Şəhər səhiyyəsi bir sıra məsələlərlə yanaşı şəhərin içməli su ilə etibarlı şəkildə təmin olunması, zibilin yığışdırılması və yoluxucu xəstəliklərlə mübarizə məsələlərini də əhatə edir. Bu hər üç məsələ onu göstərir ki, problemin mənbələri və ya onun ən yaxşı həlli yolları şəhərin hüdudlarından kənarda və şəhər hakimiyyəti səlahiyyətlərindən xaricdə ola bilər.

 

Bununla belə Birləşmiş Ştatlarda federal hökumət göstərdiyimiz sahələrin hamısında müəyyən rol oynamağa başlamışdır. Son zamanlar onun rolu əsasən konqresin qanunları - "federal hökumətin çıxardığı və maliyyələşdirilməyən proqramların yerinə yetirilməsi üçün məcburi olan" qanunları formasında ifadə olunmuşdur. Yerlərdə bu qanunlar üç səbəbdən narazılıq doğurmuşdur: problemin həlli yolları federal səviyyədə, ştatların iştirakı olmadan müəyyən edilmişdir; bu proqramlar maliyyələşdirilmir, böyük xərc yükü Yerli büdcənin üzərinə düşür, özü də bu zaman həmin proqramlar məcburi qaydada yerinə yetirilməli olduğu üçün Yerli hakimiyyət orqanları öz mövqelərini işləyib hazırlamaq imkanından məhrum olurlar, üstəlik də bu proqramların yerinə yetirilmədiyi təqdirdə onları sərt maliyyə sanksiyaları gözləyir.

 

Etibarlı su təchizatı və zibil yığılmaması məsələlərini ənənəvi şəhər sərhədlərində tam həll etmək mümkün deyil. Problemin yeni həlli yollarını öz regionlarında oxşar problemlərlə üzləşən bir sıra şəhərlərin sıx əməkdaşlığı prosesində axtarmaq lazımdır. On il bundan əvvəl Texasın qərbində Ebilen ərazisində 31 böyük zibilxana vardı. Hazırda bunların yalnız altısı qalmışdır. Heç bir məcburi akt olmamışdı, lakin xərclər xeyli azalmış, regional əməkdaşlıq isə genişlənmişdir. Eyni su mənbəyindən istifadə edən və ya ümumi su anbarı tikmək niyyətində olan şəhərlərin hakimiyyəti də yuxarıda sözügedən təcrübədən də bəhrələnirlər.

 

 

Təhsil

 

Bu köhnə məsələ Birləşmiş Ştatların qarşısında yeni bir qüvvəylə qalxmışdır. Hazırda yəqin elə bir problem yoxdur ki, bütün cəmiyyət üçün, eləcə də ayrılıqda hər bir adam üçün təhsil məsələsi qədər mühüm əhəmiyyət kəsb etsin.

 

Amerikalı valideynlər təhsilin keyfiyyəti ilə bağlı getdikcə artan bir narahatlıq keçirirlər. Ştatların və federal orqanların müdiriyyət nümayəndələri ictimai məktəblərdə təhsil səviyyəsinin fəhlə qüvvəsinə təsiri problemindən tez-tez söhbət açırlar.Lakin araşdırmalar göstərir ki, vəziyyət yaxşılaşmır. Bəzi şəhərlərin, o cümlədən Çikaqo və Boston şəhərlərinin müdiriyyətləri belə hesab edirlər ki, onlar ibtidai məktəblərdəki təhsil məsələsi ilə daha yaxından məşğul olmalıdırlar. Əgər təhsil məsələsi layiqincə həll edilməsə, cəmiyyətin digər sahələrinə, o cümlədən işçi qüvvəsinin keyfiyyətinə və təhlükəsizliyə mənfi təsir göstərəcəkdir.

 

Fərdi və Yerli səviyyələrdə təlim problemləri ilə yanaşı "distansion təlim" adlanan təhsil üsulu kütləvi hal almağa başlayır. Virtual tədris müəssisələrində minlərlə müdavim ştatlar və dövlətlər sərhədlərinə məhəl qoymadan elektron rabitənin köməyilə təhsil alırlar. Gələcəkdə elektron təhsilin nəticələri digər sahələrə, o cümlədən, ticarət, işə düzəlmə və turizm kimi sahələrə də öz təsirini göstərəcəkdir.

 

 

Yerli ictimai təşkilatlar

 

Bu məsələnin gözə nisbətən az dəyib, bir qədər mücərrəd olmasına baxmayaraq, onu saya almamaq da düzgün olmazdı. İnsanın başqa insanlarla öz əlaqəsini duymasının böyük əhəmiyyəti vardır. Şəhər daxilindəki dialoqun "onlar" deyil, "biz" əvəzliyinin köməyilə aparılmasından problemin necə qavranıldığını və qərarların yönünü müəyyən etmək olar. Yerli səviyyədə məsələlərin necə baxılması və onların necə həll edilməsindən asılı olaraq biz ya birləşir, ya da ayrılırıq. Birləşmiş Ştatlarda ictimai təşkilatlarda birləşən əhalinin Yerli səviyyədə həll etdiyi məsələlər sırasına mədəni və iqtisadi müxtəliflik, işsizlik, aclıq və evsizlərin problemləri aid edilə bilər. Federal hökumət qanunvericilik işi və maliyyələşdirmə baxımından ən çox üstünlüyü olan problemlər qismində çox vaxt bu məsələləri göstərir.

 

Bununla belə, həmin məsələlər əksər hallarda ən yaxşı Yerli səviyyədə həll olunur, özü də qeyri-hökumət təşkilatları (QHT) və digər qeyri-kommersiya təşkilatları bu işin öhdəsindən daha uğurla gəlirlər.

 

 

Yeni ittifaqlar, yeni sxemlər

 

Hər hansı səviyyəli hakimiyyət orqanının öz vətəndaşlarına daha yaxşı xidmət etməsi və onların problemləri həllinin daha səmərəli yollarını göstərə bilməsi üçün ənənəvi hakimiyyət orqanları təcrid olunmuş şəkildə deyil, əl-ələ fəaliyyət göstərməlidir. O cümlədən Yerli hakimiyyət orqanları federal hökumətlə və ştat müdiriyyəti ilə müəyyən mənafeləri təmsil edən kənar qrup kimi deyil, oyundaş qismində işləməlidir. Eyni zamanda Yerli hakimiyyət orqanları firmalarla, qeyri-kommersiya və qeyri-hökumət təşkilatları və idarələri ilə müvafiq ittifaqlar yaratmalıdırlar. Regional sərhədlər şəhərlərin, inzibati dairələrin və hətta ola bilsin ştatların sərhədlərini kəsib keçməlidir.

 

Bu, artıq Ohayo ştatının Kolumbus şəhərində baş verir. Bu şəhərin hakimiyyət orqanları bir çox məsələləri altı inzibati dairəni əhatə edən şəhər aqlomerasiyası çərçivəsində həll edir. Vaşinqton ştatının Sietl şəhərində bu yaxınlarda əhalinin təhlükəsizliyi, nəqliyyat, ətraf mühit və turizm məsələləri üzərində birgə işləmək üçün təxminən 30 metrdən ibarət regional şura yaradılmışdır. Kaliforniyanın mərkəzi ovalığında yerləşən şəhərlərin bələdiyyə idarələri mənzil tikintisi, nəqliyyat və su təchizatı kimi məsələlərin həlli üçün regional planlaşdırmanın yeni yollarını aramaqdadır. Bütün bunlar həmin regionda yaşayan 5 milyon adam üçün nəzərdə tutulmuşdur. Yeri gəlmişkən, proqnozlara əsasən, 2040-cı ildə onların sayı 15 milyona çatacaqdır.

 

Federal hökumətlə yeni münasibətlərin inkişafında regional yanaşma hər cəhətdən böyük səmərə verə bilər, belə ki, bu halda hər iki tərəf öz ənənəvi təsisat təfəkkürləri hüdudlarından kənara çıxmağa məcbur olacaqdır. Bu, baş verdikdə, "desentralizasiya" və "səlahiyyətlərin verilməsi" kimi anlayışlar federal səviyyədə yeni məna kəsb edəcəkdir. Əgər desentralizasiya olunmuş federal hökumət həqiqətən də regional Yerli hakimiyyət orqanlarına "dostluq əlini" uzatsa, o zaman hakimiyyətin bu hər iki qanadı əməkdaşlığın yeni yolunu tapdıqlarını təsdiq etmiş olacaqlar.

 

Yeni birliklər əsrimizin yeni texnologiyalarını mənimsədiyi zaman yeni sxemlər yaranacaqdır. Şəhər rəhbərliyi üçün bu, birincisi, öz yaşayış rayonlarını təmsil edən adamlarla yeni birlik, ikincisi, regionlar adından federal hökumətlə yeni birlik yaratmaq deməkdir. Bu halda yeni həll yolları yeni problemlərə daha çox uyğun gəlir. Nəticədə, Avraam Linkolnun demokratiyaya verdiyi: "xalqın hakimiyyəti, xalqın iradəsiylə, xalq üçün" tərifi yeni məna daşımağa başlayır.

 

 

* *  *

 

 

ŞƏHƏRLƏRIN İNKİŞAFINDA MARKETİNQİN ROLU

 

Üç Amerika meri arasında diskussiya

 

 

Şəhərin inkişafına köməyin ən mühüm aspektlərindən biri onu şirkətlər üçün cəzbedici və turistlər üçün cənnət etməkdən ibarətdir. Üç mer (onlardan biri hazırda da mer işləyir, qalan ikisi isə vaxtilə bu vəzifədə çalışıblar) arasındakı bu diskussiyada üç Amerika şəhərinin biznes sahəsində özünü necə göstərdiyi müzakirə olunur. Səlahiyyətlər müddətinin başa çatması ilə əlaqədar istefaya gedən Emanuel Kliver (Kanzasın meri), Tenessi ştatındakı Çattanuqi şəhərinin keçmiş meri Cin Roberts və San-Fransisko şəhərinin keçmiş meri Art Aqnos. Aparıcı rolunda tanınmış jurnalist Süzen Kliri çıxış edir.

 

Aparıcı: -Hazırda iqtisadiyyatdan və biznesin yüksək mobilliyindən çox danışılır. Cənab Kliver, siz iri bir şəhərin meri kimi şəhərimizin daha fəal marketinqini zəruri sayırsınızmı?

 

Mer Kliver: -Biznesin şəhərə cəlb edilməyinə gəldikdə... biz burada öz mərkəzi vəziyyətimizin üstünlüyündən istifadə etməyə çalışırıq... Orta Qərbdə yerləşdiyimizdən ölkənin hər iki sahilkənarına daha rahat çıxış yolumuz var-mən işçi qüvvəsinin iş saatları ərzindəki mümkünlüyünü nəzərdə tuturam. Biz bilmişik ki, şirkət üçün bu, çox mühüm amildir. Onların çoxu zaman faktoru barədə heç düşünməyiblər də...

 

Bundan əlavə biz qərara almışıq ki, öz tariximizi təbliğ edək, çoxları bu tarixi bilmirlər. Buna görə biz sakinlərin diqqətini ona cəlb edirik ki, "Si-Bi-Es" xəbərlər şirkətinin keçmiş aparıcısı Uolter Kronkayt bizim şəhərdə doğulub. Bu həm də Uolt Disneyin, habelə öz kəşfləri ilə məşhur olan "Hollmark" şirkətinin doğma şəhəridir.

 

"Sprin" televiziya şirkəti də öz fəaliyyətinə burada başlayıb.

 

 Bundan sonra biz aşkar etdik ki, Kanzas-sitidə mənzil haqqı Birləşmiş Ştatların iri şəhərlərindəki mənzil haqqından qat-qat aşağıdır.

 

Aparıcı: -Sizin şəhərlərin məziyyətləri üzərində dayanmaq maraqlı olardı. Məsələn, Kanzas-sitidə şüarlardan biri bu cürdür:

 

"Fontanlar şəhəri, millətin ürəyi". Siz bu prosesə necə başladınız?

 

Mer Kliver: -Biz əvvəl fikirləşdik ki, görəsən biz başqa şəhərlərdən nəylə fərqlənirik? Məsələn, Kanzas-sitidə fontanlar dünyanın hər hansı şəhərində olduğundan çoxdur - əlbəttə ki, Romanı çıxmaq şərtilə. Buna görə indi bizim şəhərin loqotipi "Fontandır"... Sonra biz bunu şüara çevirdik.

 

Aparıcı: -Cənab Roberts, mən bilirəm ki, siz Çattanuqinin meri olarkən, ətraf mühitin qorunmasına görə bir neçə mükafat almısınız. Şəhərin məziyyətlərini gözə çarpdırmaq üçün bunun özü də çox yaxşı üsuldur. Deyin görək bu mükafatı necə aldınız?

 

Mer Roberts: -Doğrusunu deyim ki, bu mükafat bizim üçün bir növ xilasedici kəmər rolunu oynadı: axı vəziyyət çox pis idi, bizsə bu vəziyyəti cəmi otuz ilin içində kökündən dəyişdirə bildik. O zaman biz şəhərlə bağlı bir neçə real problemi həll etməklə məşğul idik. Ənənəvi problemlər idi: havanın çirkləndirilməsi, suyun çirkləndirilməsi, şəhərin zahiri görünüşü. Yəqin ki, 1960-cı ildə ölkədə bu sahə üzrə ən bərbad vəziyyət bizdə idi. Onilliklər boyu, ilin neçə ayı Lukaut dağından baxanda şəhər görünmürdü. Buna görə biz özümüzə bir neçə sual verdik. Havanın çirkləndirilməsi məsələsini necə həll etmək olar?

 

İctimai və fərdi təşkilatların qarşılıqlı təsirini necə təmin etmək olar? Şəhərin həyatında işgüzar dairələrin iştirakını necə təmin etmək olar? Biz qəti əmin olduq ki, bütün bu məsələlər dünyanın bir çox şəhərləri üçün xarakterik olan suallardır.

 

Aparıcı: -Cənab Kliver, sizin fikrinizcə, biznesmenlər iş adamları üçün şəhər mərkəzinin və ətraf mühitin cazibədarlığının böyük əhəmiyyəti varmı? Həqiqətən həyatın bu cəhətləri kommersiya və sair şirkətləri şəhərə cəlb edir?

 

Mer Kliver: - Bəli, bu, belədir. Şəhərlərin milli libası ölkə miqyasında, bizsə Yerli səviyyədə bu cür araşdırma keçirmişik. Aşkar etmişik ki, bütün ölkədə korporasiyaların rəhbərləri öz ofislərindən çox uzağa düşməməyə çalışırlar. Bütün insanlar kimi onlar da gözəl mühitdə yaşamağı sevirlər.

 

Mer Roberts: -İzn verin, bu fikri bir misal ilə tamamlayım. Bizə qonaq gəlmiş bir şirkətin nümayəndələri vergi, infrastruktur, stimul kimi məsələlərlə maraqlanırdılar. Lakin onlar həm də məktəb sisteminə və məktəblərimizin buraxılış sinifləri şagirdlərinin səviyyəsinə maraq göstərirdilər. Belə ki, şirkətlər ilk baxışda sanki onlara heç bir aidiyyatı olmayan məsələlərlə maraqlanırlar. Özü də biz düşündüyümüzdən də çox dərəcədə.

 

Aparıcı: -Kanzas-sitidə elə bir təşkilat varmı ki, bu informasiyanı almaqda şirkətlərə kömək eləsin?

 

Mer Kliver: -Bu yaxınlarda mən Nyu-Cersiyə getmişdim ki, bizim qubernatorla birgə, almanların "Heşt Merion-Rusell" əczaçılıq firmasını satın almış şirkətdə çıxış edək. Bu firmanın zavodu bizdə yerləşir və biz istəyirdik ki, alqı-satqı prosesi başa çatdıqdan sonra firmanın özü də Kanzas-sitiyə köçsün. Biz Nyu-Cersiyə yola düşərkən, "Hollmark Karde" şirkəti idarə heyətinin sədri Don Hollun, "Sprin" şirkətinin nümayəndəsi Bill Estrinin və digər iş adamlarının çıxışları yazılmış videofilmi özümüzlə götürmüşdük. Onların söylədiklərinin məğzi bu idi: "Bizim beynəlxalq mənzil-qərargahlar Kanzas-sitidə yerləşir və biz buradan heç yerə köçmək istəmirik". Belə ki, xüsusi informasiya təşkilatı olmadan da ötüşmək olar, lakin biz əlbəttə ki, şəhərə yeni şirkətləri cəlb etmək istəyəndə biz kömək üçün işgüzar dairələrə də müraciət edirik.

 

Aparıcı: -Bu barədə bəs Çattanuqidə vəziyyət necədir? Sizdə elə təşkilatlar varmı ki, şəhər marketinqinin planını tərtib edə bilsin?

 

Mer Roberts: -1983-cü ildə biz sənayedə birdən-birə 6 min yüksəkmaaşlı iş yerini itirdik. O zaman mən inzibati dairənin rəhbəri ilə görüşdüm. Biz bu qərara gəldik ki, qarşımızda hədsiz çətin vəzifə durur və biz onu öz qüvvəmizlə həll edə bilmərik.

 

Buna görə işgüzar dairələrin nümayəndələrinə müraciət etdik, onlara öz dərdimizi danışdıq və xahiş elədik ki, bu məsələnin həllində bizə kömək etsinlər. Onlar da öz köməklərini əsirgəmədilər, hər şeydən əlavə "River Siti Kompani" şirkətini yaratdılar. Təmənnasız qrant növündə bizim üçün 10 milyon dollar yığdılar. Adını çəkdiyim şirkət şəhərimizin mərkəzini yenidən qurmaqla, oraya yeni restoranlar cəlb etdi, şəraiti gözəlləşdirdi.

 

Sonralar "River Siti Kompani" təkcə Çattanuqini deyil, qonşu şəhərləri və inzibati dairələri də əhatə etməyə başladı. Bu gün bu mexanizmin köməyilə şəhər və dairə şirkətlərin rəhbərliyi və bir sıra qonşularla yanaşı ərazinin inkişafına pul qoyur. Əslində onlar bizdən də çox vəsait qoyurlar. Bu, şəhərimizin və bütün regionun iqtisadi inkişafının açarıdır.

 

Aparıcı: -Cənab Kliver, siz Kanzas-sitinin beynəlxalq nüfuzunun artdığını hiss edirsinizmi?

 

Mer Kliver: - İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, ancaq çox şeydə buna bizim professional futbol komandamız (Amerika futbolu) - "Kanzas-siti Çifs" kömək edir. Ötən il biz Tokioda "Minnesota vaykinq" komandası ilə oynamalı idik. Mən də komanda ilə bir yerdə getdim və Tokioda Yerli işgüzar dairələrin liderləri ilə görüşdüm. Biz belə hesab edirik ki, hazırkı inkişaf edən qlobal iqtisadiyyat şəraitində digər şəhərlərlə, özü də təkcə Birləşmiş Ştatların deyil, elə bütün dünyanın şəhərləri ilə rəqabət apara bilməsəniz, çox güman ki, uduzacaqsınız.

 

Bir misal da başqa sahədən deyim. Orta Qərbin Beynəlxalq distributor mərkəzini yerləşdirmək üçün bizim şəhəri seçmişlər. Buna görə biz inkişafı elə istiqamətləndirməyə çalışırıq ki, NAFTA (Azad ticarət haqqında Şimali Amerika müqaviləsi) çərçivəsində ticarət marşrutunun mərkəzi olaq. Bu marşrut Kanadadan baş alaraq, Kanzas-sitidən keçir və şimala doğru, Meksikanın Halisko ştatına qədər uzanır...

 

Aparıcı: -Bəs, Çattanuqi necə, bu rəqabətə, mübarizəyə qoşulacaqmı?

 

Mer Roberts: -Bəli, lakin biz bu məsələni mer Kliver kimi həll etmirik. Çattanuqidə peşəkar idman komandası yoxdur, buna görə biz həvəskarlar səviyyəsində rəqabət aparırıq.

 

Məsələn, biz mübarizə aparırıq ki, Birləşmiş Ştatların softbol üzrə başlıca turnirlərini öz şəhərimizdə keçirək. Bu yaxınlarda şəhər, inzibati dairə və universitet öz vəsaitlərini bəzi fərdi fondların vəsaiti ilə birləşdirərək softbol üzrə olimpiya səviyyəli stadion tikdi. Yenə də bu yaxınlarda biz universitet üçün Amerika və Avropa futbolu stadionu inşa etdik və burada ölkə çempionatlarının oyunlarını keçirmək niyyətindəyik. Bizim fikrimizcə, idman - böyük biznesdir...

 

Aparıcı: -Mer Kliver, şəhər öz nüfuzunu artırmaq üçün hansı üsullardan, hansı marketinq "alətlərindən" istifadə edir?

 

Mer Kliver: -Biz çalışırıq ki, şəhərimizi ölkənin digər yerlərindən və xaricdən gəlmiş mümkün qədər çox qonaq "ziyarət" etsin... Mən belə hesab edirəm ki, efir vaxtını almaq üçün 35 milyon dollar almaqdansa, yaxud bir ətək pul töküb dünyanı gəzməkdənsə, adamlara imkan və şərait yaratmaq lazımdır ki, bizim şəhərə gəlsinlər. Məsələn, Türkiyənin Diyarbakır şəhərinin meri məktub göndərib ki, bu ilin yazında Kanzas-sitiyə gələcəkdir. Mənə belə gəlir ki, özünü qonağa daha yaxşı təqdim edə bilərsən, nəinki özün qonaq qismində olsan...

 

Aparıcı: - İnternet barədə nə deyə bilərsiniz?... Kanzas-siti internetdə kifayət qədər geniş təmsil olunub. Siz bu vasitədən istifadə edirsinizmi?

 

Mer Kliver: -Bəli, biz bunun üzərində xüsusi işləyirik. Biz internetə özümüz haqqında çoxlu informasiya daxil etmişik və ştat rəhbərliyinin bizə yaratmağa icazə verdiyi iqtisadi inkişaf korporasiyası (İİK) vasitəsilə daha çox şey əldə etməyə çalışırıq. İİK bizim bələdiyyənin iqtisadi orqanıdır. Mən idarə heyətini təyin edirəm və onun prezidenti korporasiyanın işinə rəhbərlik edir. İİK-in himayəsi altında üç təsisat işləyir. Birincisi - Missuri çayındakı çay limanının fəaliyyətinə nəzarət edən Nəqliyyat idarəsidir. Bizdə üzən kazinolar olduğu üçün nəqliyyat idarəsi böyük rol oynayır. İİK-ə həmçinin, əlavə vergilər hesabına maliyyələşdirmə Komissiyası daxildir. Bu komissiya əlavə vergiləri inkişaf işləri üçün istifadə edir. Və üçüncü təsisat-yenidənqurma işləri üçün torpaqdan istifadə İdarəsi... Hər dəfə biz iri tikintinin inşasına başlayanda, torpaq sahələrini birləşdirməli oluruq ki, buna da həmin təşkilatın hüquq və səlahiyyətləri vardır.

 

Bundan əlavə bizdə biznesin əldə saxlanılması üzrə Şöbə mövcuddur. Biz onun vasitəsilə şəhərin bütün şirkətləriylə ünsiyyət və əlaqə saxlamağa çalışırıq. Ayda bir dəfə müxtəlif şirkətlərin ali rəhbərliyi ilə müşavirələr keçiririk. Onların problemləriylə maraqlanırıq. Məsələn soruşuruq: "Küçələrin işığı saz işləyirmi?

 

Yol işarələri qaydasındadırmı?"

 

Aparıcı: -Bəs Çattanuqidə işgüzar dairələrlə Yerli hakimiyyət arasında qarşılıqlı əlaqələrin təmin edilməsi sahəsində bu cür sistem varmı?

 

Mer Roberts: -Bəli, mer Kliverin Kanzas-siti barədə dediklərinin hamısını biz də edirik: əlavə vergilərin hesabına maliyyələşdirmə, müxtəlif növ stimullar. Çayla bağlı böyük həcmli işlərimiz də var... Lakin bizdə kazinolar yoxdur, ona görə bu istiqamətdə heç bir iş görmürük...

 

Aparıcı: -Bəs sizdən hansınızsa merləri birləşdirən beynəlxalq təşkilatların işində iştirak edirmi?

 

Mer Kliver: -Bəli, bizdə "1-35 Dəhlizinin Koalisiyaları" (Kanzas-sitidən keçən ümummilli əhəmiyyətli avtomagistralın nömrəsini daşıyır) mövcuddur. Bu təşkilatın çərçivəsində ildə iki dəfə görüşlər keçirilir.

 

Kanada Vinnipeqindən tutmuş Meksika Qvadalaharasına qədər uzanan ərazidə yerləşən bir çox şəhərlərin merləri bizə qonaq gəlirlər. Biz NAFTA-nın nəqliyyat dəhlizinə çevrilmək və üstünlükdən bəhrələnməyə çalışırıq.

 

Redaktor qeydi: -mer Art Aqnos müzakirəyə qoşulur.

 

Aparıcı: -Biz indicə şəhəri biznes üçün cazibədar etmək yollarından danışdıq, lakin turizmə toxunmadıq. Nəhəng bir sahə olan turizm də investorların cəlb olunması işinə xidmət edə bilərmi?

 

Mer Aqnos: -Əlbəttə! Biz San-Fransiskoda bu istiqamətdə işləməyə hələ 1988-ci ildə başlamışdıq. O vaxt mən ilk dəfə olaraq qardaşlaşmış şəhərlər münasibətlərini inkişaf etdirməyə başlamışdım. Sırf mədəni və işgüzar mübadilələr çərçivəsindən çıxmaq və qonaqlara, habelə qardaş - şəhərdən olan iş adamlarına güzəştlər və üstünlük verilməsi konsepsiyasını təbliğ edirdim. Onlara ailə üzvləri kimi yanaşmaq gərəkdir... Qardaş-şəhər münasibəti startdan sıçrayış etməyə imkan verir. Məsələn, biz San-Fransiskonun bir sıra mehmanxanaları ilə qardaş-şəhərlərdən gələnlər üçün güzəşt edilməsi barədə razılığa gəlmişik...

 

Aparıcı: -Bəzən məhz qonaqlar şəhərimizdə sizin özünüzün sözlə bilmədiyi nəsə maraqlı bir şeyə diqqəti yönəldirlər. Şəhərinizin obrazının formalaşdırılması sahəsində ideya axtarışları, yeniliklər varmı?

 

Mer Aqnos: -Bizdə bu istiqamətdə konfranslar və qonaqlara xidmət göstərilməsi üzrə Büro fəaliyyət göstərir. Büro həmçinin qonaqlar arasında rəy sorğusu keçirir, şəhərimizdə nəyi bəyəndiklərini, yaxud bəyənmədiklərini soruşur və s.

 

Aparıcı: -Bələdiyyə şurası prezentasiyalarla nə dərəcədə məşğul olur?

 

Mer Aqnos: -Birgə iş aparılır. Konfranslar və qonaqlara xidmət göstərilməsi üzrə Büro bizə potensial imkanlar barədə məlumat verir və biz şəhər nümayəndəsi qismində çıxış edirik. Hər halda biz öz şəhərimizi necə təqdim etməyin yolunu bilirik və buna görə əhəmiyyətli saydığımız ideyaları irəli çəkirik.

 

Aparıcı: -Cənab Aqnos, kütləvi informasiya vasitələrinin diqqətini şəhərinizə cəlb edilməsi məsələsi üzrə digər merlərə veriləsi məsləhətiniz varmı? Lakin yeri gəlmişkən, San-Fransiskonu hamı elə yaxşı tanıyır ki, yəqin bu barədə danışmağınıza heç ehtiyac da yoxdur.

 

Mer Aqnos: -Burada iş görmək başqa yerlərdə iş görməkdən qat-qat asandır. Lakin hər şəhərin öz cəzbedici cəhətləri vardır. Bunları lazımınca təqdim etmək üçün inadla işləmək gərəkdir.

 

 

*  *  *

 

 

Atlantanın yeni siması

 

Devid Pitts, (YUSMA -nın müxbiri)

 

 

Əgər siz bu cənub şəhərinin küçələrini gəzsəniz, mütləq tarixin nəfəsini hiss edərsiniz. 1864-cü ildə general Uilyam Tekuman Şermanın başçılıq etdiyi İttifaq Ordusunun Konfederasiyanın ştatlarına zəfər yürüşünün gedişində Atlanta ələ keçirildikdən sonra generalın əmriylə başdan-başa yandırılmışdı. Bu tarixi hadisə dünyanın bütün kino tamaşaçılarının yaddaşına "Küləklə sovrulanlar" filmi ilə çökmüşdür. Əsasında bu filmin çəkildiyi kitabın müəllifi Marqaret Mitçelin bərpa edilmiş evi bu gün yüz minlərlə turistin diqqətini özünə çəkməkdədir.

 

Bu hadisədən çox-çox sonralar Atlanta vətəndaşlıq uğrunda hərəkatın lideri, doktor Martin Lüter Kinqin doğulduğu şəhər kimi şöhrət qazanmışdı. Lüter Kinq adına "Qeyri-zorakı sosial dəyişikliklər uğrunda" Mərkəz - Lüterin arvadı Korettanın öz ərinin xatirəsini əbədiləşdirmək üçün tikdirdiyi bu müəssisə Baptist kilsəsinin yaxınlığında yerləşir; vaxtilə Lüter Kinq həmin kilsədə bir mövzu kimi o dövrdə qızğın maraq doğuran irqi qardaşlığı təbliğ edirdi.

 

Bir çox cəhətdən "qarışıq" şəhər olan Atlantanın nümunəsində, bir vaxtlar qanunvericiliklə - seqreqasiya (ayırma) sistemiylə bir-birindən təcrid edilmiş iki irqin nümayəndələrinin bir yerdə yaşamağa tədricən necə öyrəşdiklərini izləmək və öyrənmək mümkündür. Lakin Yerli sakinlərin özləri də yaxşı bilirlər ki, bu prosesin layiqincə başa çatmağına hələ çox var.

 

 

Atlantanın yeni sakinləri

 

90-cı illərdə Atlantada "bütün sakinlər" deyəndə artıq yalnız qaradərili və ağ amerikalılar nəzərdə tutulmurdu. Elə ingilis dili də artıq Atlanta sakinlərinin danışdığı yeganə dil deyildi. Şəhərin köhnə sakinlərinin böyür-başında getdikcə daha çox gəlmə - Afrika, Asiya, Mərkəzi və Cənubi Amerika və Şərqi Avropadan pənah gətirənlər məskən salırlar. Atlanta bir növ əritmə qazanına çevrilərək, mühacirlər üçün Məkkəyə çevrilmiş Amerika şəhərləri arasında özünəməxsus yer tutur.

 

Yeni sakinlərdən bəziləri Mayami və Nyu-York kimi şəhərlərdən gəlmiş daxili mühacirlərdir. Corciya ştatı Universitetinin nəzdindəki tətbiqi araşdırmalar və antropologiya Mərkəzinin göstəricilərinə görə hazırda Böyük Atlantada 450 mindən çox mühacir və 65 min qaçqın yaşayır; şəhər əhalisinin ümumi sayının 3,5 milyon olduğunu nəzərə alsaq, bunun çox böyük rəqəm olduğunu görərik.

 

Atlantanın yeni sakinlərinin ən çox toplaşdığı yer şəhərin qurtaracağındakı Buford Hayvey bazarıdır. Koreyadan köçüb gələn və bu bazarda zərgərlik dükanı olan Sun Kim adlı qadın deyir ki, Atlantaya üç il əvvəl gəlib, çünki burada onun qohumları yaşayırlar və iqtisadi inkişafa görə külli miqdarda imkanlar var, üstəlik burada hər şey ucuzdur: "Atlantada dolanışıq, xüsusilə mənzil başqa şəhərlərdən qat-qat ucuzdur".

 

Venesueladan gələn Vanessa Koski ingiliscə yaxşı danışır və əsasən Mərkəzi və Cənubi Amerika ölkələrindən gəlmiş yeni mühacirlərə onların şəxsi maşınları üçün nömrə və sənədlər almağa kömək edir.

 

Onun dediyinə görə, Buford bazarı mühacirlərin, ələlxüsus Latın Amerikasından gələnlərin ən sevimli yeridir. Onların çoxu buraya tikintidə işləməyə gəliblər, çünki şəhərdə tikinti sarıdan böyük canlanma var. Onlar buradakı həyata yaxşı uyğunlaşıblar, onlar üçün başlıca problem -ingilis dilini öyrənməkdir.

 

Sun Kim və Vanessa Koski son illər əsl kosmopolit şəhərə çevrilmiş Atlantanın yeni simasını əks etdirir. ABŞ əhalisinin siyahıya alınması üzrə Büronun məlumatına görə 1990-1994-cü illər arasında Atlantanın əhalisinin sayı 11 faiz artmışdır. Bu dövr ərzində Latın Amerikası və Asiyadan gələnlərin sayı 42 faiz artmışdır.

 

Şərqi Avropa və Afrika ölkələrindən gələnlərin sayı isə daha böyük sürətlə artmaqdadır. Məsələn, hazırda Atlantada 5 mindən çox nigeriyalı yaşayır. Təsadüfi deyildir ki, bu yaxınlarda Nigeriyada baş vermiş siyasi hadisələr Atlanta qəzetlərinin birinci səhifələrinə çıxarılmışdı. Şəhər hakimiyyətinin nümayəndələri deyirlər ki, Atlantanın deseqrasiya siyasətinin lideri kimi xidmətləri ona ədalətli və açıq şəhər şöhrəti qazandırmışdır.

 

80-ci illərdə Dövlət departamenti Atlantanı qaçqınların qəbulu üzrə başlıca şəhərlərdən biri kimi tanımışdı. 1996-cı il yay Olimpiya oyunlarına hazırlıq şəhərə əlavə mühacirlərin axıb gəlməsinə səbəb olmuşdur. Olimpiada ilə əlaqədar yaranmış iş yerlərini tutmağa gələn bu adamların bir hissəsi yarışlar qurtardıqdan sonra daimi yaşamağa qalmışlar.

 

 

İqtisadi canlanma

 

Atlantaya mühacirlərin axını ilk növbədə şəhər iqtisadiyyatının coşğun inkişafı ilə izah olunur. "Forqun" jurnalının məlumatına görə 90-cı illərdə Atlanta yenidən yaradılan iş yerlərinin sayına görə ölkədə birinci yeri tuturdu. Burada 700 mindən çox Amerika korporasiyasının filialı vardır, 23-nün, o cümlədən, "Koka-kola" və "Bell Saut" korporasiyalarının mənzil qərargahları Atlantada yerləşir. Yeniliklərin kabelli verilişlərinin Ümumdünya "Si-En-En" şəbəkəsi də Atlantanı öz evi sayır.

 

Böyük Atlantanın ticarət palatası hakimiyyət orqanlarının ştatlı işçiləri burada birgə öz mərkəzlərini və ya filiallarını yaratmaq istəyən şirkətlər üçün əlverişli şərait yaradılması sahəsində əməkdaşlıq edirlər. Bu təşəbbüs "İrəli Atlanta" şirkətinin əsasını təşkil edir; həmin şirkət bir növ, ümumdünya miqyasında şəhərin iqtisadi imkanlarının reklamı üzrə plandan ibarətdir.

 

Atlanta əsasən ətraf rayonların hesabına böyüyür, lakin iqtisadi canlanma onun mərkəzi hissəsinə də öz səmərəli təsirini göstərir. Artıq üç mindən çox layihə şəhərin məhz mərkəzi hissəsində realizə edilir və ya layihə büroları və korporasiyalarda hazırlıq mərhələsindədir.

 

Atlantada cinayətkarlığın səviyyəsinin azaldılmasına da xüsusi diqqət yetirilir.

 

Yeni Orlean və Nyu-York kimi şəhərlərdə olduğu kimi Atlantada da Yerli hakimiyyət var gücü ilə çalışır ki, şəhər polisi daha yüksək professional səviyyədə işləsin və daha yaxşı təchiz edilsin. Təkcə bu il şəhər şurasının qərarı ilə polis əməkdaşlarının əmək haqqı 2 min dollar artırılmışdır.

 

Ümumşəhər büdcəsinin demək olar ki, 50 faizi ictimai təhlükəsizliyin təmin edilməsi üzrə proqramlara sərf olunur. Bu vəsait əsasən polisin və məhkəmələrin fəaliyyətinə xərclənir, lakin cinayətkarlığın profilaktikası və əhalinin müxtəlif qrupları arasında, o cümlədən yeni mühacirlərə münasibətlərin normallaşdırılması üzrə tədbirlərə də xeyli vəsait ayrılır.

 

 

Körpülərin sahmanlanması

 

Əhalinin müxtəlif qrupları arasında normal münasibətlərin inkişafına yönəldilmiş tədbirlərdə qeyri-hökumət təşkilatları da fəal iştirak edir. Yeni mühacirlərə kömək məqsədilə yaradılmış təşkilatlardan biri "Körpülərin sahmanlanması" adlanır. Təşkilat işləyib hazırladığı xüsusi proqramlar çərçivəsində, mühacirlərin yeni cəmiyyətə və onlar üçün yeni olan şəhərə uyğunlaşması ilə bağlı gündəlik problemlərin həllində bu adamlara yaxından köməklik göstərir.

 

Yeni mühacirlərin bir çoxu polisə və hakimiyyət nümayəndələrinə bir qayda olaraq qorxu ilə yanaşdıqları ölkələrdən gəldiyi üçün təşkilat onlarla Amerika sistemi və onların demokratik sistemdəki hüquqları mövzusunda vaxtaşırı seminarlar keçirir. Yeni mühacirlərin gəldikləri bəzi ölkələrdə polis ümumdövlət təşkilatıdır. ABŞ-da isə polis bələdiyyə idarəsi əsasında təşkil edilmişdir və Yerli seçkili hakimiyyət orqanlarına tabedir.

 

"Körpülərin sahmanlanması" təşkilatının məşğul olduğu məsələlər sırasına aşağıdakılar daxildir: Yerli hüquq-mühafizə orqanları əməkdaşlarına müxtəlif etnik qrupların nümayəndələri ilə ünsiyyət saxlamağı öyrətmək; hələ ingilis dilinə yiyələnməmiş mühacirlərə köməklik göstərən tərcüməçilər qrupunu təşkil etmək və maliyyələşdirmək; vətəndaşlıq hüquqları və vəzifələri ilə əlaqədar məsələlər üzrə tədris məşğələlərini keçirmək;  cinayətkarlığın profilaktikası; mühacirət məsələləri üzrə hüquqi kömək və s. Bu təşkilatın üzvləri, həmçinin şəhərdə yaşayan müxtəlif etnik qrupların nümayəndələri ilə görüşlər keçirirlər. Qarşılıqlı anlaşmanın artırılması ikitərəfli hərəkəti olan körpüdür.

 

Atlantanın köhnə sakinləri də yeni mühacirlərin mədəniyyətini anlamağı və onların şəhərin inkişafındakı əməyini qiymətləndirməyi öyrənməlidirlər.

 

 

Tərəqqi ilə bağlı problemlər

 

Atlantanın uğurla inkişaf etməsinə və bu şəhərdə həyat səviyyəsinin durmadan yüksəlməsinə baxmayaraq, buranın da öz problemləri mövcuddur və bu problemlərin bəziləri bilavasitə onun uğurlu inkişafının nəticəsidir.

 

ABŞ-ın başqa şəhərləri üçün də xarakterik olan başlıca problem-orta sinfin nümayəndələrinin həm qaradərili, həm də ağdərili sakinlərin daha yüksək və rahat həyat səviyyəsi əldə etmək ümidi ilə şəhər ətrafına köçməsidir.

 

Nəticədə şəhərdə gəlir bölgüsü baxımından iki qrup əmələ gəlmişdir: az gəliri olan böyük sayda sakinlər və nisbətən yüksək gəliri olan azsaylı sakinlər. "Risörç Atlanta İnk" şirkətinin məlumatına görə bu gün Atlantada illik gəliri 25 min dollardan 50 min dollaradək olan ailələrin faizi, Mayami və Yeni Orlean şəhərləri istisna olunmaqla ABŞ-ın hər hansı bir iri şəhərindəkindən aşağıdır.

 

Şəhər hüdudları daxilində yaşayan Atlanta sakinlərinin aşağı gəlir səviyyəsi son illər bir çox Atlanta merlərinin həll etməyə çalışdığı bir problemdir. Bu problem əsasən, şəhərin qərb və cənub hissələrində yaşayan afroamerikalılara aiddir, lakin müəyyən mənada digər yeni mühacirləri də əhatə edir. İki il bundan əvvəl Atlantanın indiki meri, zənci mənşəli amerikalı Bill Kempbell bir vaxtlar şəhərin keçmiş meri Meynard Ceksonun yaratdığı yoxsulluqla mübarizə üzrə Atlantanın Ali şurasını yenidən bərpa etdi. Lakin şəhər hakimiyyətinin və digər təşkilatların bütün təşəbbüs, cəhd və səylərinə baxmayaraq bu problem demək olar ki, öz həllini tapa bilmir.

 

Problemin həlli yollarından biri Atlantadakı iri korporasiyaların şəhər kənarındakı filiallarını bağlayıb, iş yerlərini şəhər hüdudlarında yerləşən mərkəzlərində cəmləməsi tendensiyası ilə əlaqədardır. Belə ki, rabitə vasitələri sahələrində işləyən və Böyük Atlanta rayonunda 100-dən çox filialı olan nəhəng "Bell Saut" korporasiyası bu yaxınlarda həmin filiallardan 75-ni bağladığını və öz fəaliyyətini şəhər hüdudlarında cəmləşdirdiyini elan etdi.

 

Şəhərin meri Kempbell yaxşı bilir ki, şəhərin idarə olunması ehtiyatkarlıq və bütün işlərdə tarazlıq edir - həm çox vaxt bir-birinə zidd mənafeləri olan seçicilərin müxtəlif qruplarının, həm də xüsusi mənafeləri olan qrupların, məsələn, işgüzar dairələrin və həmkarların tələblərini nəzərə almaq lazım gəlir. Bu mənada vergilər həlledici əhəmiyyətə malikdir. Birləşmiş Ştatlarda Yerli hakimiyyət orqanlarının vergi qoymaq hüququ vardır. Atlantanın üzləşdiyi çətinliklər bir çox Amerika şəhərlərinə tanışdır: necə edəsən ki, insanlara gərəkli olan proqramların xərcini ödəmək üçün Yerli vergiləri kifayət qədər yüksək səviyyədə saxlaya biləsən və necə edəsən ki, eyni zamanda bu vergilər o cür proqramlara ehtiyacı olmayan adamlar üçün çox da yüksək görünməsin?

 

İqtisadi tərəqqinin xeyli, "əsəbi" templə baş verməsinə əlavə olaraq şəhər infrastruktur problemləri ilə də üzləşir və bu problemlərin həll edilməsi şəhərin sonrakı inkişafını ləngidə bilər. "Vaşinqton post" qəzetinin verdiyi məlumata görə sürətlə böyüyən Atlantanın sakinləri öz maşınlarında Los-Anceles də daxil olmaqla hər hansı bir şəhərin sakinlərindən daha çox vaxt keçirirlər. Qəzet yazır ki, Atlanta sakini hər gün yollardakı ildən-ilə artan əngəl və basabası dəf edərək işə qədər orta hesabla 34 kilometr məsafə qət edirlər.

 

Bəzi müşahidəçilər belə hesab edirlər ki, bu cür problemlər əsasən regionun on dairəsi və Fulton dairəsində yerləşən şəhər hakimiyyəti arasındakı əlaqələndirmənin aşağı keyfiyyəti üzündən yaranır. Görünür, digər sahələrdə olduğundan infrastruktur nümunəsində daha aşkar məlum olur ki, müasir cəmiyyətdə Yerli hakimiyyət təcrid edilmiş şəkildə fəaliyyət göstərə bilməz, o öz fəaliyyətini qonşu yurisdiksiyalardan olan seçkili və rəsmi şəxslərlə əlaqələndirməlidir.

 

 

Regional hakimiyyət, ştat müdiriyyəti və federal hökumətlə işgüzar münasibətlər

 

Böyük Atlanta ərazisində müxtəlif yurisdiksiyalar arasında əməkdaşlıq və əlaqələndirilmə mərkəzi Atlantanın Regional komissiyası (ARK) sayılır. Bu komissiya öz sələfləri kimi, bir sıra dairələr miqyasında regionun inkişafı üzrə tədbirlərin planlaşdırılması ilə məşğul olur. Ölkədə vergi verənlərin pulu ilə maliyyələşdirilən ilk belə agentlik Atlanta rəhbərliyi tərəfindən 1947-ci ildə yaradılmışdır.

 

ARK elə bir forumdur ki, orada Yerli hakimiyyət orqanlarını təmsil edən seçkili və təyin edilmiş rəsmi şəxslər, habelə digər Yerli rəhbərlər ümumi problem və imkanları müzakirə edirlər. Burada irəli sürülən təkliflər arasında komissiya öz siyasətini işləyib hazırlayır və ümumregional əhəmiyyətli məsələləri həll edir.

 

Şəhər nümayəndələrinin ARK-nın fəaliyyətində əsas rol oynaması ilə yanaşı, şəhər həmçinin ştat müdiriyyəti və federal hökumətlə sıx münasibətlər saxlayır. Bu, xüsusilə, Atlanta sakinlərinə xeyir verə biləcək proqramlar və qrantlar məsələsinə aiddir. Məsələn, şəhər hakimiyyəti Atlantanın perspektiv inkişaflı Zona adını alması üçün federal hökumətdə lobbiləşmə ilə məşğul idi. Nəticədə Atlanta bütün ölkə üzrə seçilmiş altı şəhər sırasına daxil oldu və bu, Atlantaya qrantlar və vergi imtiyazları növü şəklində 250 milyon dollar gəlir gətirdi. Hazırda şəhərin bu statusdan istifadə edən bir neçə rayonunda (əsasən yoxsul rayonlarda) yeni yaşayış binaları tikilir və yeni iş yerləri yaradılır.

 

Atlanta habelə federal hökumətdən yaşayış yerlərində polisin işinin yaxşılaşdırılması üzrə proqramların həyata keçirilməsi üçün təxminən 13 milyon dollar məbləğində qrant almışdır. Belə bir qrantı almaq üçün şəhər bir qayda alaraq müəyyən tələbləri yerinə yetirməlidir.

 

1999-cu ilin yanvarında şəhərdə işlərin vəziyyəti barədə məruzə edən mer Kempbell şəhərin yalnız digər səviyyəli idarəetmə orqanları ilə deyil, həm də qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq əlaqələrini xüsusi qeyd etdi. Onun sözlərinə görə, Atlanta bütün qurumlar və müxtəlif birliklərin üzvləriylə, şəhər şurası ilə, qulluqçularla, fərdi sektorlarla, müəllimlərlə, həmkarlarla, kilsə ilə, qeyri-kommersiya təşkilatları ilə, regional liderlərlə, həmçinin öz ştatlarında və Vaşinqtonda yerləşən və Atlanta üçün nəsə etməyə qadir olan təşkilatlarla da əməkdaşlıq əlaqələri yaratmağa çalışır. Belə əməkdaşlıq nümunələrindən biri - Atlantanın texnologiyalar və telekommunikasiyalar üzrə Məşvərət komitəsidir. Komitədən məqsəd Yerli hakimiyyətin əsasən xidmətlər sahəsində və Atlantanın bütün sakinlərinin, o cümlədən kütləvi tədris müəssisələri şagirdlərinin qabaqcıl texnologiyalara yiyələnməsinin təmin edilməsi sahəsindəki işinin səmərəliliyini artırmaqdır. Kempbellin fikrincə, vətəndaşlıq hüquqları uğrunda hərəkatla yanaşı qabaqcıl texnologiyaların mənimsənilməsi cəmiyyətdə ən fundamental dəyişikliklərə səbəb ola və insanları hüquqca bərabərləşdirən ən qüdrətli alət ola bilər.

 

 

KİV-in fəal mövqeyi

 

Digər bir çox şəhərlərdə olduğu kimi, Atlantada da ən önəmli Yerli KİV rolunda dörd iri kommersiya verilişləri şəbəkəsi, habelə şəhərin və ştatın başlıca qəzeti olan "Atlanta cornel-konstityuşın" çıxış edir.

 

Adi günlər səhər və axşam buraxılışı olan və 1,5 milyon nüsxə ilə çap edilən bu mütərəqqi nəşr öz ənənəsinə sadiq qalaraq, əsasən azlıqların problemlərini işıqlandırır və əhalinin müxtəlif qrupları arasında münasibətlərin nizama salınmasında mühüm rol oynayır.

 

Atlantada Yerli hakimiyyət orqanlarının seçkili işçiləri ölkənin başqa şəhərlərindəki həmkarları kimi kütləvi informasiya vasitələrindən daim şikayət edirlər. Lakin fəal mövqe tutan Yerli mətbuat ictimaiyyət və siyasətçilərin diqqətini ən müxtəlif problemlərə cəlb edir və bunların həllində yekdillik əldə olunmasında onlara yaxından köməklik göstərir.

 

Yerli hakimiyyət orqanlarının nümayəndələri bir sıra hallarda etiraf edirlər ki, problemlərin kütləvi informasiya vasitələri tərəfindən aşkar edilməsinin müsbət cəhətləri də ola bilər. Belə ki, məsələn, mətbuatın maşın yollarındakı "tıxaclar" problemini işıqlandırmasının azı bir müsbət nəticəsi olmuşdur. Şəhər rəhbərliyinin məlumatına görə, şəhər ətrafında yaşayan orta təbəqənin nümayəndələri şəhərə əngəllərlə dolu yol getməkdən yorularaq, tədricən, yol hərəkətinin çox da sıx olmadığı şəhər hüdudlarında məskunlaşmağa çalışırlar.

 

"Cornel-konstityuşın" qəzetinin müxbirlərindən biri - Don Melvin deyir ki, Yerli hakimiyyət mətbuatın mövqeyini mütləq nəzərə almalıdır, çünki mətbuatın ictimaiyyətə təsiri böyükdür. Qəzet "lehinə" və "əleyhinə" olan dəlilləri, habelə müxtəlif qalmaqalları və sui-istifadələri işıqlandırır və bir növ nəzarətçi rolunu oynayır. O deyir: "Biz şəhərimizin yeni simasının portretini yaratmaq üçün inadla çalışırıq və ola bilsin ki, başqa şəhərlərdə çıxan qəzetləri biz məhz bununla üstələyirik."

 

"Cornel-konstityuşın" ilə yanaşı şəhərdə son vaxtlar yeni mühacirlər üçün məxsusi nəzərdə tutulmuş bir sıra yeni qəzetlər meydana gəlmişdir ki, bunlar Yerli xəbərləri və mühacirlərin gəldiyi ölkələr barədə xəbərlər dərc edirlər.

 

 

*  *  *

 

 

XXI əsrdə Yerli özünüidarə orqanları üçün dərslər

 

Bryus Adams

(Paytaxt regionunu möhkəmləndirmək məqsədilə Yerli biznes və

ictimai liderləri birləşdirən "Böyük Vaşinqton" təşkilatının təsisçisi və prezidenti)

 

 

Aleksis de Tokvill özünün "Amerikada demokratiya" kitabında amerikalılara belə bir ümumiləşdirilmiş xarakteristika vermişdir;

 

"Yaşayış məntəqəsinin sakini onun hansısa tələbatının ödənilməsi ilə də üzləşə bilər. Bu halda o, necə hərəkət edir? O, yolu keçir və bu məsələni qonşusu ilə müzakirə eləyir. Bundan sonra həmin məsələylə bağlı yaradılmış xüsusi komissiya işləməyə başlayır. Bütün bunlarla namuslu vətəndaşlar öz şəxsi təşəbbüsləriylə məşğul olurlar".

 

Tokvillin hər bir məsələyə tipik amerikalı münasibət barədə bəyan etdiyi vaxtdan 164 il ötsə də bu münasibət, - "qolları çirmələyib" problemi həll etmək, - demokratiya sahəsində bizim Amerika eksperimentinin ən gözəl cəhəti olaraq qalır...

 

Mətbuatda dərc olunmuş bəzi mənfi məqalələrə və əhali arasında skeptik ovqata baxmayaraq, "biz bunu bacarırıq" prinsipi bu gün də ölkənin bir çox yerlərində dildən düşmür. Bununla belə, qəzetlər oxuyub, son xəbərlərə baxarkən, Tokvillin verdiyi qiymətə şübhəylə yanaşmağa başlayırsan. Bu cür hallarda müşahidəçi belə bir nəticəyə gələ bilər: ABŞ-da heç kəsin heç nə vecinə deyil və yaranmış vəziyyəti dəyişdirmək istəyən çox azdır.

 

Lakin "Ümumi iş" adlı qeyri-kommersiya və partiyadan kənar təşkilatın təsisçisi Con U. Qardner bu fikirlə qətiyyən razılaşmır: "Bütün Amerikada vətəndaş fəallığının yeni əlamətləri peyda olmaqdadır. Ölkənin hər bir yaşayış məntəqəsində ümumi rifah naminə yorulmadan çalışan çoxlu adama rast gəlmək olar. Bəzi yerlərdə isə bu adamların sayı həmin yerin siyasi mədəniyyətini dəyişdirmək üçün kifayətdir".

 

 

Vətəndaş orqanlarının yenidən dərki

 

Bəzi istisnaları nəzərə almasaq, hər bir Amerika vətəndaşı rəsmi sənədlərlə tanış olmaq, mühüm qanunverici və büdcə qərarları üzrə kütləvi dinləmələrdə çıxış etmək hüququna malikdir. Hakimiyyət nümayəndələri yerlərdə işlərin müzakirəsi üçün müntəzəm olaraq bu cür dinləmələr təşkil edirlər və burada vətəndaşların iştirakı təqdir olunur. Bəzən Yerli qanunverici orqanların sessiyaları kabelli televiziya ilə birbaşa yayımlanır. Yerli özünüidarə bu formal aspektlərin sayəsində bizim demokratik sistemin əsasında duran mümkünlük və aşkarlığa zəmanət verə bilir. Bununla belə, burada da müəyyən mənada problemlər yaranır.

 

Kütləvi dinləmələrdə müzakirə olunan məsələlərin həddindən artıq sadələşdirilməsi və qütbləşdirilməsi mənafe qrupları, kütləvi informasiya vasitələri və seçkili vəzifəli şəxslər tərəfindən şirnikləndirilir.

 

Adətən müzakirələrin predmeti bu və ya digər qərardan - deyək ki, qanun layihəsindən, yaxud büdcə təklifindən ibarət olur. Dinləməyə mövcud məsələylə ən çox maraqlanan və öz mövqelərini müdafiə etməyə hazır olan adamlar gəlir.

 

ABŞ-da bu cür kütləvi müzakirələr adətən, rəqiblərin bu və ya digər qərar uğrunda çarpışdıqları döyüş meydanına çevrilir. Və bir sıra hallarda, hansı variantın ictimai mənafelərə daha çox uyğun gəldiyini düşünmək əvəzinə, hər bir iştirakçı yalnız təklif etdiyinin həllini yeganə düzgün yol sayır.

 

Və mən hər dəfə belə bir nəticəyə gəlirəm ki, problemi həll etməyin ən yaxşı üsulu "beyin həmləsini" təşkil etməkdir, yəni müxtəlif rəyi olan adamları bir yerə yığmaq, onların qarşısında məsələnin həlli yolunu tapmaq vəzifəsini qoymaqdır, özü də bu, elə bir yol, üsul olmalıdır ki, hamını qane etsin. Təəssüf ki, vətəndaşların hakimiyyətlə qarşılıqlı əlaqələri zamanı belə şeylər tez-tez baş verir. Hər hansı bir mübahisəli bəyanata ictimaiyyət və mətbuatın dərhal "hücum" çəkdikləri bir şəraitdə çox az tapılır ki, masa arxasında oturub sakitcə razılığa gəlsinlər.

 

Televiziya verilişlərinin, ictimai rəy sorğularının, bu və ya digər məsələ barədə dünyada olan bütün informasiyanı dərhal almaq imkanının peyda olması ilə, bizim bir-birimizin dəlillərini heçə çıxarmaq qabiliyyətimiz hədsiz artmışdır. Görünür, biz həddən artıq sürətlə qaçır, həddindən artıq ucadan danışır, yalnız döşümüzə yatan sözlərə qulaq asır və həddindən artıq... az düşünürük. Dövlət siyasəti və Yerli siyasət məsələləri mürəkkəbləşdikcə, bizim öz şəxsi siyasi baxışlarımız bəsitləşmiş, problemlərimizin həlli isə bir az da çətinləşmişdir.

 

Birləşmiş Ştatlara böyük fayda vermiş pozitiv qüvvələr vətəndaşların iştirakını nəzərdə tutan hakimiyyət aşkarlığı, mətbuat azadlığı və ictimaiyyətin tənqidi münasibətinə xas olan neqativ cəhətlər bizim vətəndaş fəallığı haqqındakı təsəvvürümüzə yenidən dərk etmək zərurətini doğurur.

 

Qarşılıqlı münasibətlərin yenidən qurulması

 

Demokratiyanın vəzifəsi - insanların yaşayışının keyfiyyətini yüksəltməkdir. Sağlam Yerli qurumlar yaratmaq təkcə hakimiyyət strukturlarından deyil, daha çox qarşılıqlı münasibətlərin qurulmasından asılı olan bir məsələdir.

 

Öz təbiətimiz etibarilə biz düşüncə və əməlləri bizə yaxın olan adamlarla oturub-durmağı, ünsiyyət saxlamağı sevirik.

 

Ənənəvi sərhədlər üzərindən qarşılıqlı münasibətləri qurmaq müəyyən mənada qeyri-təbii hərəkətdir. Bunu öyrənmək lazım gəlir. Burada daimi, gərgin iş tələb olunur. Yalnız bir çox strukturlar, o cümlədən idarələr, təşkilatlar, təsisatlar və ayrı-ayrı insanlar arasında fəal əməkdaşlıq olduqda uğur qazanmaq lazımdır. Konkret məsələlərin həlli üçün yalnız lazımi əlaqələr tapdıqda və bunlara əsaslanaraq iş gördükdə müvəffəqiyyət əldə etmək mümkündür.

 

Hansısa problemin həllinə görə insanları birləşdirmək üçün rəhbər işçi bütün qüvvəsini qoyaraq, bütün fraksiya və mənafe nümayəndələrinin etibar və nüfuzunu qazanmağa çalışmalıdır. Bu, "qəhrəman rəhbər" barədəki ənənəvi təsəvvürə büsbütün ziddir. Biz istəyirik ki, liderlərimiz güclü və qətiyyətli olsunlar, məsuliyyəti öz üzərlərinə götürməkdən çəkinməsinlər. Lakin nə qədər qəribə görünsə də, bu xüsusiyyətlər əməkdaşlıq əsasında fəaliyyət göstərən yeni tip liderin ehtiyac duyduğu vərdişlərə ziddir.

 

Mən vaxtilə şəhər şurasının üzvü olarkən, kütləvi dinləmələrin formal prosedurundan daim yan keçərək, insanları bir yerə yığmalı olurdum. Açıq yığıncaqda bir-birləri ilə qızğın mübahisə edən adamlar neytral şəraitə düşdükdə görürdülər ki, ortada dava etməli bir şey yoxdur, asanca razılığa gəlmək olar. Qarşıdurma əvəzinə onlar hamını razı sala biləcək qərarı işləyib hazırlayırdılar. Bu mənə böyük ümidlər verirdi: ola bilsin ki, bu yolla bizim demokratik prosedurları yenidən qura və onu yeni dövrün tələblərinə uyğunlaşdıra biləcəyik.

 

Beləliklə, gələcək yüzillikdə vəzifəmiz - çox mühüm bir elementi: yüksək bilikli və hər şeyə maraq göstərən vətəndaşların mövcudluğunu nəzərə almaqla müasir dövr üçün demokratiyanı yenidən kəşf etməkdən ibarətdir. Məsələ belə qoyulmalıdır: biz prosesi elə döndərə biləcəyikmi ki, problemləri bir-birimizə hücum etmədən, bir yerdə, könül xoşluğu ilə müzakirə və həll edək?

 

 

Bacarıqla rəhbərlik etmək nümunələri

 

"Sərhədləri keçərək: qloballıq əsrində Yerli liderlər" kitabında Nil Pirs və Kertis Conson 20-ci yüzilliyin astanasında müxtəlif yaşayış məntəqələrinin sakinləri qarşısında duran mürəkkəb idarəetmə vəzifələrini təsvir edirlər. Birləşmiş Ştatların müxtəlif ucqarlarında uğurla inkişaf edən regionların təcrübəsini öyrənən Pirs və Conson müəyyən edirlər ki, rəhbərlik prosesi hakimiyyət strukturları çərçivəsindən kənarda da həyata keçirilə bilər.

 

Nəzərdən keçirilən regionların öyrənilməsi əsasında gələcək yüzillikdə Yerli sakinlərin uğur qazanmaq üçün necə hərəkət etməli olacaqlarını qabaqcadan bilmək olar.

 

Məsələn, 1969-cu ildə federal hökumət elan etdi ki, Amerikada ən çirkin havası olan şəhər Çattanuqadır (Tenessi ştatı). 1996-cı ildə isə BMT Çattanuqanı dünyanın on ən sabit şəhərindən biri kimi tanıdı. Şəhər ötən otuz üç il ərzində "Baxış - 2000" proqramını yaratdı. Bu proqramda iştirak edən 1700 vətəndaş işıqlı gələcəyi qurmaq üçün əllərindən gələn hər cür köməyi əsirgəmirlər. Havanın çirklənməsinə qarşı mübarizə bu proqramın çoxşaxəli istiqamətlərindən yalnız biri idi.

 

Klivlend şəhərində (Ohayo ştatı) Yerli inkişaf üzrə qeyri-hökumət təşkilatlarında, fondlarda, korporasiyalarda və şəhər planlaşdırılması üzrə orqanlarda vasitəçi rolunu yerinə yetirən peşəkarlar təsisat mənsubiyyətinin və irqi mənsubiyyətin doğulduğu sədləri dəf edərək, münasibətləri qarşılıqlı etibar əsasında qurmuşlar.

 

 Şarlotta şəhərindəki, (Şimali Karolina ştatı) "Şarlott observer" qəzeti afroamerikalı əhalinin yaşadığı rayonlara verilişlər yayımlayan üç radiostansiya ilə oyundaşlıq əlaqəsi yaradaraq, mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş "Bizim rayonları qaytaraq" təşəbbüsü ilə çıxış etmişdir. Yerli jurnalistlər yenilikləri elə təqdim etməyə çalışırlar ki, bu, əhalini ictimai həyatda fəal iştirak etməyə sövq etsin.

 

 

Yerli səviyyədə insanların birləşdirilməsinə dair on dərs

 

Pirs və Consonun araşdırmasından belə bir nəticə çıxarmaq olar: gözləmək olmaz ki, demokratik proseslərin islahatına seçkili işçilər başçılıq edəcəklər. Vətəndaşların fəallığına söykənən əməkdaşlığın yeni formalara doğru hərəkata görə məsuliyyət yükünün böyük bir hissəsi adi vətəndaşların üzərinə düşməlidir. Pirs və Conson bu halı nəzərə alaraq, 21-ci yüzillikdə insanların Yerli səviyyədə birləşməsinin 10 mühüm dərsini düstur etmişlər.

 

 

1-ci dərs. "Masa daha geniş və dəyirmi olur"

 

Bu o deməkdir ki, köhnə, yuxarıdan aşağıya doğru idarəetmə üsulu daha öz əhəmiyyətini itirib. Biz yeni rəhbərlik mədəniyyəti yolundayıq - daha adi vətəndaşlar da masa arxasında özlərinə yer tələb edirlər. Belə ki, bu masa getdikcə daha geniş və dəyirmi olur ki, ümumi işdə iştirak etmək istəyənlərin hər biri üçün yer tapılmış olsun.

 

  2-ci dərs. "Böhrandan təhlükəli yalnız onun yoxluğu   ola bilər"

 

 Özünəarxayınlıq diqqətdən kənarda qalan problemləri doğurur. "Ağıllı" regionlar öz problemlərini bu problem işlənib böyüməmiş özləri həll edirlər.

 

3-cü dərs. "Gündəlikdə duran məsələ "yoğunlayır""

 

  Şəhər mərkəzlərini dirçəltmək, dilənçilik və ümidsizliyin qapalı dövrəsinə düşmüş insanların həyatını yaxşılaşdırmaqdan qat-qat asandır.

 

4-cü dərs. "Möcüzəli rəhbərlik üsulu yoxdur, yalnız insanlar və onların münasibətləri var"

 

 İşlər idarəetmə strukturunun sayəsindən daha çox, insanlar arasındakı münasibətlər hesabına qabağa gedir.

 

5-ci dərs. "Heç kəs yaxasını kənara çəkməməlidir"

 

Universitetlər, ali təhsilli insanlar, dini icmalar və kütləvi informasiya vasitələri - Yerli rəhbərliyin palitrasını zənginləşdirməyə birinci namizədlərdir.

 

 6-cı dərs. "Bəzən köhnə metodların da faydası olur"

 

Ayrı-ayrı rəhbərlər əvvəlki vaxtlarda olduğu kimi çox şeyə nail ol bilərlər. Vətəndaşlıq şüuru yüksək olan, həyatı yaxşılığa doğru dəyişdirməyi bacaran liderlərə hörmət edin.

 

7-ci dərs. "Əməkdaşlıq-məyusluqlar doğuran qarmaqarışıq, lakin əvəzolunmaz bir şeydir"

 

Bu gün şəhərlər və regionlar bacarıqsız şəkildə əməkdaşlıq edir, səhvlərə yol verirlər, lakin eyni zamanda problemləri həll etməyə və Yerli birlikləri möhkəmləndirməyə qadir olan yeni institutlar yaradırlar.

 

8-ci dərs. "Hakimiyyətin həmişə islahatlara ehtiyacı vardır, lakin istənilən islahatların da hakimiyyətə ehtiyacı vardır".

 

Hakimiyyət yeni funksiyaya-mülki cəmiyyətdə insanlar arasında ünsiyyət yaratmaq funksiyasına yiyələnir. Hakimiyyət özünün bütün saysız-hesabsız təzahürlərində, özünün bütün zəiflik və qusurlarına baxmayaraq, hakimiyyət bununla belə, real, möhkəm və uzunmüddətli dəyişikliklərin baş verməsi üçün zəruri olan oyundaş rolunda çıxış edir.

 

9-cu dərs. "Yerli birliklər vacibdir"

 

İnternetin sürətli inkişafına və mənimsənilməsinə baxmayaraq, insanların Yerli səviyyədə qruplar halında birləşməsinin əvvəlki kimi böyük əhəmiyyəti vardır. Bu xüsusilə regionlara, şəhər mərkəzlərinə və şəhər rayonlarına aiddir.

 

10-cu dərs. "Sonu görünməyəcəkdir"

 

Heç bir uğur daimi və bitmiş sayıla bilməz. Heç bir birlik hansı nailiyyətləri əldə etməsindən asılı olmayaraq, arxayınlaşmamalıdır.

 

 

Əl-ələ tutub işləməli

 

Ümidləri doğrultmaq və Yerli səviyyədə problemlərin həllinə nail olmaq üçün görüşüb danışmaq kifayət deyildir. Ənənəvi kütləvi dinləmələr bizi can atdığımız yerə apara bilməz. Burada vətəndaş qeyrəti və inadkar zəhmət gərəkdir. Bizi ayıran sərhədləri və sədləri dəf edərək, əl-ələ tutub işləmək-budur 21-ci yüzilliyin liderləri önündə duran başlıca vəzifə.

 

Yerli birlikləri yaratmaq - passiv fəaliyyət deyil. Demokratik proses bizim hər birimizə öz şəhərimiz, yaxud qəsəbəmizin idarə olunmasında iştirak etməyə təminat verir.

 

 

* * *

.

Bugün 2 ziyaretçi (4 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol