.

hüquq - “Demokratiya:Gediləsi Uzun bir Yol”
  BAŞ SƏHİFƏ
  Beynəlxalq sazişlər
  Azərbaycanın milli partiyası
  Qarabağ problemi
  “Demokratiya:Gediləsi Uzun bir Yol”
  Əlaqə
  Anketler

“Demokratiya: Gediləsi Uzun bir Yol”

Demokratiya və Antidemokratiya

Antologiyası (e.ə.430 – b.e.1998)

Hikmət A.Hacızadə, FAR CENTRE,

Bakı, 2001

 

 

 

2. İLK ANTİDEMOKRATLAR

Afinalı Platon

 

 

 

Platonun (e.ə. 427/8–347/8-ci illər) fəlsəfi irsi Azərbaycan oxucularına yaxşı tanış­dır.  O, Periklin ölümündən bir il sonra aristokrat ailəsində doğulmuşdur.  Demokratik Afina o vaxtlar Sparta müdaxiləsi dövrünü yaşayırdı.  Ölkəni bürüyən vətəndaş mühari­bəsi e.ə. 404-cü ildə “On üç tiranın hakimiyyəti” adı ilə məşhur olan mürtəce aristokrat reji­­minin bərqərar olmasına gətirib çıxardı.  Bu rejimin liderlərindən ikisi — Kriti və Karmid Platonun yaxın qohumları idi.  Lakin tezliklə demokrat parti­yası aris­tokratları hakimiy­yətdən uzaqlaşdırdı, Platonun hər iki qohumu hadisələrin gedişində öldü­rül­dü.  Ölkədə demokratik rejim bərqərar oldu.

 

Platonun gənclik illərində Afina­nı bürümüş qanlı hadisələr, aclıq və epidemi­yalar onda hər hansı sosial dəyişikliklərə qarşı güclü nifrət yaratmışdı.  Onun müəllimi — aristo­kra­tların yaxını və böyük filosof Sokrat demokratiya bərpa ediləndən sonra Afina şurası tərəfindən ataların dinini təhqir etməkdə və gənclərin şüurunu zəhərləməkdə gü­nahlandırılaraq ölümə məhkum edildi (220 səsə qarşı 280 səslə).  Platon və onunla yanaşı Sokratın digər şagirdləri e.ə. 399-cu ildə Afinanı tərk etdilər.  Platon Yuna­nı­stan, Misir və İtaliyanın şəhərləri boyunca səyahətə çıxdı.  Siciliyada olarkən o, Sirakuz tiranı Dioni­sinin sarayında siyasi mübarizəyə qoşuldu və sonra Sirakuzdan qovuldu.  Platon e.ə. 387-ci ildə Afinaya qayıdaraq akademiya (müasir universitet­lərin prototipi) yaratdı və 40 il orada fəlsəfəni tədris etdi.

 

Platonun əsərləri Avropa idealizminin və etikasının təməlini qoymuş və sovet filosof­larının arasıkəsilməyən amansız tənqidləri sayəsində keçmiş SSRİ məkanı­nda yaxşı tanın­mışdır.  Platonun cəmiyyətin siyasi və sosial quruluşuna dair baxışları isə bizə daha az məlum olmuşdur; onun yaradıcılığının bu tərəfi sovet filosofları tərəfindən az xatır­­lanmamış və tənqid edilmişdir.  Bu, onunla izah olunur ki, Platonun təsvir etdiyi dövlət kommunistlərin ölkədə qurmaqda olduqları utopiyaya (yaxud antiutopiyaya) çox oxşa­yırdı.

 

Platonun siyasi baxışları mürtəce mühafizəkarlıq fəlsəfəsi üçün təmələ çevrilmişdir.  Əslində Platon bu günə qədər qalmaqda olan ümumi antidemokratik ənənələ­rin banisi olmuşdur.  Periklin demokratiyanın müdafiəsinə söylə­diyi alovlu nitqindən 80 il sonra Platon israr edirdi ki, cəmiyyəti kəmsavad xalqın iradəsi deyil, ləya­qət­li və bilik­li insanlar, ruhən aristokratlar idarə etməlidir; dövlətdə hərc-mərcliyin əsas səbəbi isə insan azadlığıdır.

 

Hər halda, demokratiyanın Platon tərəfindən tənqidinə diqqətlə yana­şılmalıdır.  Biz burada dərhal görəcəyik ki, Platonun keçirdiyi qorxu və şübhə hisslərini ölkəmizdə demo­kratiyanın inkişafını izləyər­kən hər birimiz də keçiririk; bundan başqa, Platonun dövlətin idarə olunmasında iştirak etmək istəyən insanların (demokratik ölkələrdə bu, bütün vətəndaşlara aiddir) öz bilik səviyyələrini daim artırmalı olmalarına dair tələbi tamamilə haqlıdır.


 

 

 

AFİNALI PLATON

Demokratiyanın əleyhinə (təx. e.ə. 350-ci il)

 

 

Bu quruluşda bərabər olanları və olmayanları bərabərləşdirən qəribə bir bərabərlik var...

 

Belə ki, demokratiyanın xoşbəxtlik kimi qəbul etdiyi və yorulmadan can atdığı şey [azadlıq] elə onun özünü dağıdır.

 

 

Demokratiya, məncə, o vaxt həyata keçirilir ki, yoxsullar qalib gələrək düşmənlərinin bir hissəsini məhv edir, digər hissəsini qovur, yerdə qalanların isə vətəndaş hüquqlarını və dövlət vəzifəsi tutmaq imkanlarını bərabərləşdirirlər.  Demokratik quruluşda dövlət vəzifələrinin tutulması əsasən püşkatma yolu ilə həyata keçirilir...

 

İnsanlar bu şəraitdə necə yaşayırlar? Bu dövlət quruluşu nədən ibarətdir?  Aydındır ki, o, demokratik xüsusiyyətlər əldə edən insanda da öz əksini tapır...

 

Hər şeydən öncə, bu, azad insanlar olacaqdır: dövlətdə tam azadlıq, aşkarlıq və istədiyini etmək imkanı olacaqdır...  Buna imkan verilən yerdə isə hər kəs öz həyatını istədiyi kimi quracaqdır...

 

Demokratik dövlətdə hətta qabiliyyətin çatsa da, idarəetmədə iştirakın vacib deyildir; həmçinin başqaları döyüşərkən döyüşmək istəmirsənsə, ya da sülh tərəfdarı deyilsənsə və başqaları kimi sülhü gözləmək istəmirsənsə, tabe olmağa borclu deyilsən.  Və bir də, tutaq ki, hər hansı qanun sənə idarə, yaxud mühakimə etməyi qadağan edir, amma ağlına batsa, istə­di­yini edə bilərsən.  Belə həyat ilk baxışdan gözəl və cazibədar deyilmi?..  

 

Sonra.  Məgər burada bəzi məhkum edilmişlərə münasibətdə mərhəmət əla deyilmi? Yoxsa sən bu dövlət quruluşunda ölümə, ya da sürgünə məhkum edilmiş adamların cəmiyyətdə qalıb yaşadıqlarını görməmisən? Elə bil, heç kəsin onunla işi yoxdur və heç kəs onu görmür, beləsi az qala yarımallah kimi özü üçün gəzib dolaşır... Bu yumşaqlıq demokratik quruluşun heç də xırda təfsilatı deyildir; əksinə, [ideal] dövlətimizi yaradarkən mühüm hesab etdiyimiz hər şeyə qarşı nifrəti əks etdirir.  Biz deyirdik ki, insanın təbiəti gözəl deyilsə, o, heç vaxt xeyirxah ola bilməz; eynilə uşaqlıqdan (oyunlarda və məşğələ­lərdə) o, gözəlliklə təmasda olmur.  Bununla belə, demokratik quruluş təkəbbürlə bütün bunları tapdalayır, heç fərqinə də varmır ki, dövlət qulluğuna keçənlər əvvəl nə ilə məşğul olublar.  Adamlara yalnız kütlənin rəğbətini qazandığına görə hörmət göstərirlər.  Bu və bu kimi cəhətlər demokratiyaya xasdır.  Bu quruluş zəruri idarəçiliyə malik deyil, lakin xoşagələn və rəngarəngdir.  Bu quruluşda bərabər olanları və olmayanları bərabər­ləşdirən qəribə bir bərabərlik var... Lakin ən qəribə dövlət quruluşu və ən qəribə adam haqqında hələ danışmamışıq: bu, tiraniya və tirandır.  Gəl baxaq görək, əziz dost, tira­niya necə meydana gəlir.  Onun demokratiyadan törədiyi, deyəsən, aydındır.

 

Belə ki, demokratiyanın xoşbəxtlik kimi qəbul etdiyi və yorulmadan can atdığı şey [azadlıq] elə onun özünü dağıdır.  Onun xoşbəxtlik kimi qəbul etdiyi şey, səncə, nədən ibarət­dir? Demokratik dövlətdə elə ancaq eşidirsən ki, azadlıq necə gözəldir və təbiətən azad olanlar yalnız bu cür dövlətdə yaşaya bilərlər...

 

Demokratik quruluşun və azadlıq yanğısının hökm sürdüyü dövlətin başına axmaq şərab­paylayan gəlib çıxanda bu dövlət “su qatılmamış” azadlıqdan hədsiz məst olur, öz vəzifəli şəxslərini isə yalnız ona görə cəzalandırır ki, onlar kifayət qədər iltifatlı deyillər və hamıya tam azadlıq vermirlər...

 

Orada hakimiyyətə itaətkar vətəndaşları heç nəyə dəyməyən könüllü qullar kimi hörmətsiz edir, ancaq təbəələrə oxşayan hakimləri və hakimlərə oxşayan təbəələri isə tərifləyir və onlara həm şəxsi, həm də ictimai həyatda hörmətlə yanaşırlar.  Məgər belə dövlətdə azadlıq labüd olaraq hər şeyə sirayət etmirmi?..  Mənim dostum, o, şəxsi evlərə də nüfuz edir və axırda hətta heyvanlar da itaətsizlik göstərməyə başlayır...

 

Bəli, məsələn, ata uşağa uyğunlaşmağa məcbur olur və öz uşaqlarından çəkinir, oğul isə atasından yuxarıda dayanır; orada valideynlərə nə hörmət edir, nə də onlardan çəkinirlər (bütün bunlar azadlıq adı altında edilir), köçkün yerli vətəndaşa, vətəndaş isə köçkünə bərabər tutulur; yadellilərə münasibət də belədir...

 

Bundan başqa, digər xırda şeylər: bu cür şəraitdə müəllim şagirdlərdən çəkinir və onların qarşısında alçalır, şagirdlər isə öz müəllim və tərbiyəçilərini veclərinə də almırlar.  Ümumiyyətlə, gənclər böyükləri yamsılamağa, fikir və işlərində onlarla yarışmağa başlayırlar; böyüklər isə gənclərə uyğunlaşmağa və onları yamsılamağa məc­bur olaraq xoş gəlmək və hökmlü görünməmək üçün yersiz zarafatlaşmaqdan və şuxluq etməkdən çəkinmirlər...

 

Lakin bu cür dövlətin əhalisi üçün ifrat azadlıq ondan ibarətdir ki, satın alınmış qul və kənizlər heç də öz sahiblərindən az azad deyillər.  Hə, az qala burada qadınların kişilərə və kişilərin qadınlara münasibətdə nə cür azad olduqlarını deməyi unutmuşduq.

 

Bax, mən də elə onu deyirəm.  Adamların ixtiyarında olan heyvanların nə qədər azad olduğunu gözlərinlə görməyincə inanmazsan.  Lap “itlər evin sahi­bidir” məsəlində olduğu kimidir; ...burada atlar və ulaqlar vüqarla və tam sərbəst keçib getməyə və hətta yoldan çəkilməyəndə qabaqlarına çıxanı döşləməyə vərdiş ediblər. Bax, beləcə, hər şey azadlıq hissi ilə aşıb-daşır...

 

Əgər bunların hamısını bir yerə yığsaq, ən əsas şey vətəndaşların qəlbinin hətta xırda məsələlərə də son dərəcə həssas olmasından ibarətdir:  məcburi olan hər şey onlarda hid­dət doğurur...  Onlar sonda elə bir həddə gəlib çıxacaqlar ki, hətta yazılmış və yazılma­mış qanunlarla hesablaşmamağa başlayacaqlar, kiminsə onların üzərində hakimiyyətinin olmasını istəməyəcəklər.

 

Bax, beləcə, dostum, belə gözəl və gənc kimi ötkəm idarəetmədən, məncə, tiraniya yaranır...  Özbaşınalıq demokratiyanı kölə halına salır...  İfrat azadlıq, görünür, həm ayrı-ayrı adamlar, həm də dövlət üçün ağır köləliyə çevrilir...

 

Mən dəliqanlı igidlərin rəhbərliyi altında çox cəsur olmasalar da, onları təqlid etməyə çalışan, xüsusi növ avara və israfçı adamların peyda olmasını da o cür xəstəlik sayıram: biz onları tüfeyli arılara bənzədirik, onların bəzilərinin iynəsi var, digər­ləri isə bundan məhrumdur...

 

Hər iki qrup meydana gələn kimi iltihab və səfranın bədənə təsir göstərdiyi qaydada istənilən dövlət quruluşunu dağıdır.  Həm yaxşı həkim, həm də yaxşı dövlət başçısı təcrübəli arıçı kimi əvvəlcədən tədbir görməlidir ki, tüfeyli arıların meydana gəlmə­sinə imkan verməsin.  Əgər onlar, hər halda, meydana gəlsələr, onları şanıları ilə birlikdə kəsib atmaq lazımdır.

 

Nəyi fərqləndirmək istədiyimizin aydın olması üçün belə edək.  Demokratik dövləti xəya­lən üç hissəyə bölək — bu, həqiqətdə də belədir.  Bir hissə tüfeyli arılara oxşayan­lardan ibarətdir...  Demokratiya şəraitində onlar nadir istisnalarla başda dayanırlar: tüfeyli arıların ən zəhərliləri nitq söyləyir və fəaliyyətdədirlər, qalanları isə kürsüyə yaxın yerləşir, hay-küy salır və heç kəsin başqa cür danışmasına imkan vermirlər.  Belə çıxır ki, bu cür dövlət quruluşunda belə adamlar çox az istisnalarla hər şeyi idarə edirlər...

 

Kütlədən adətən başqa bir hissə də ayrılır...  İşbazların içərisində təbiətcə ən sahman­lılar əksərən ən varlı adamlara çevrilirlər.  Tüfeyli arılara məhz onlar­dan bal toplamaq daha rahatdır.  Belə varlıları adətən tüfeyli arıların şanı adlandırırlar.

 

Üçüncü hissə xalqdan ibarətdir.  Bunlar o adamlardır ki, öz əlləri ilə zəhmət çəkirlər, iş­baz­­lıqdan uzaqdırlar və elə bir əmlakları yoxdur.  Onlar hamıdan çoxdurlar və demok­ratik quruluşda daha çox təsirə (xüsusilə də bir yerə topla­şanda) malikdirlər.  Hakimiy­yətin varlıların əmlakını alıb xalqa paylamaq imkanı var (düzdür, çox hissə­sini özünə saxlayır)... Əmlakı alınanlar isə özlərini müdafiəyə, xalq yığınca­ğında çıxış etməyə və ümumiyyətlə, mümkün olan hər şeyə əl atmağa məcbur olurlar... Onlar çevriliş etmək fikrində olmasalar da, xalqa qarşı fitnə törətməkdə ittiham olunurlar... İttihamlar, məhkəmə araşdır­maları, çəkişmələr başlayır...

 

Məgər xalq kimi isə — bir nəfəri xüsusilə fərqləndirməyə, ona pərəstiş etməyə və yüksəlt­məyə öyrəncəli deyilmi? Əlbəttə, öyrəncəlidir...

 

Deməli, heç olmasa o aydındır ki, tiran məhz bu kökün üzərində, yəni xalqın adamı kimi yetişib meydana çıxır.  Xalq adamının tirana çevrilməsi nədən başlayır?

 

İxtiyarında son dərəcə itaətkar kütlə olan bir adam öz həmqəbilələrinin qanını tökmək istəyini cilovlaya bilərmi? Əksinə, həmişə olduğu kimi, o, onları ədalətsiz ittihamlarla məhkəməyə çəkəcək və həyatdan məhrum edərək özünü ləkələyəcəkdir: öz günahları doğma­larının ölümünə bais olacaqdır. O, sürgün və dəhşətli edamlarla yanaşı, borcların ləğv edilməsi və torpaqların yenidən bölünməsi haqqında da vədlər verəcəkdir.  Məgər bütün bunlardan sonra bu adam iki yoldan birini seçmək məcburiyyətində qalmırmı: ya öz düşmən­lərinin əlində həlak olmalı, ya da tiran olmalı və insanlıqdan çıxıb canavara çevrilmə­lidir.  O, həmin adamdır ki, mülkiyyəti olanlara qarşı üsyan qaldırır...

 

İlk günlər, ümumiyyətlə, ilk vaxtlar o, qarşısına çıxanların hamısının üzünə gülür, özü haqqında isə tiran olmadığı fikrini formalaşdırır;  ayrı-ayrı adamlara və cəmiyyətə çoxlu vədlər verir;  adamları borclardan azad edir, xalqa və öz məiyyətinə torpaq paylayır...

 

O, düşmənlərindən bəziləri ilə barışdıqdan, digərlərini narahatlıq törətməmələri üçün məhv etdikdən sonra, düşünürəm ki, əsas vəzifə kimi vətəndaşları daim hər hansı müharibələrə cəlb edəcəkdir ki, xalq başçıya ehtiyac hiss etsin...  Bunu həm də ona görə edəcəkdir ki, adamlar vergilərdən yoxsullaşsınlar və ona qarşı pis fikrə düşməyə vaxt tapmayaraq özlərini birtəhər dolandırsınlar.

 

O, azadfikirlilikdə və hakimiyyətə qarşı olmaqda şübhələndiyi adamları isə məhv edəcək və bəhanə kimi onları düşmənə satılmaqda suçlandıracaqdır...

 

Yeri gəlmişkən, onun yüksəlişinə yardım etmiş bəzi nüfuzlu adamlar da açıq şəkildə, öz aralarındakı söhbətlərdə baş verənlərə narazılıqlarını bildirəcəklər...  Tiran öz haki­miyyətini saxlamaq üçün onların hamısını məhv etməli olacaqdır.  Sonra isə nə düşmən­lərin, nə də dostların içərisində işə yarayan adam qalacaqdır...  Deməli, tiran bütün mərd, alicənab, ağıllı, varlı adamları diqqət mərkəzində saxlamalıdır.  Tiranın rahatlığı istər-istəməz bu cür adamlara qarşı düşmənçilik və dövləti onlardan təmizləyənə qədər onlara qarşı fitnələrin qurulması üzərində dayanır...  Görünür ki, hakimiyyəti saxlamaq istəyirsə, bu, tiran üçün vacibdir.  O, ya ona nifrət bəsləyən yaramazlar dəstəsi ilə fira­van yaşamaq, ya da həyatla vidalaşmaq seçiminə məhkum edilmişdir...

 

Vəziyyət “yağışdan çıxdıq, yağmura düşdük” məsəlindəki kimidir: xalq azad adamların tabeliyindən çıxıb despotik hakimiyyətin nökərinə, tam azadlığını ən ağır və acı köləliyə dəyişərək kölələrin köləsinə çevrilir...

 

 

“Dövlət”

 

 

 

 

 

PLATONUN İDEAL DÖVLƏTİ

Birlik, harmoniya və ləyaqətlilərin hakimiyyətinə itaətkarlıq

 

 

Burada ən əsası odur ki, heç kəs heç vaxt —  kişilər də, qadınlar da başçısız qalmamalıdır.

 

 

...Belдlмklд, hдr bмr мnsan bu vд ya dмgдr tдlдbatнnн цdдmдk ьзьn gah bмr, gah da dмgдr adamdan мstмfadд edмr. Зox еeyд ehtмyac duyan adamlar bмr yerд toplaенrlar kм, bмrgд yaеasнnlar vд bмr-bмrlдrмnд kцmдk etsмnlдr: bu cьr bмrgдyaеayне bмzdд dцvlдt adlanнr...

               

Bizdə [ideal dövlətdə] çəkməçilik işinin müvəffəqiyyətlə getməsindən ötrü çəkməçiyə əkinçi, yaxud toxucu, ya da bənna olmağa hətta cəhd göstərməyi də qadağan etmişik; elə belə­cə də hər kəsə fitri qabiliyyətinə uyğun yalnız bir iş tapşırmışıq: o məhz bununla bütün ömrü boyu məşğul olacaq, diqqətini başqa şeyə yayındırmayacaq və uğur qazanacaq...

               

Burada ən əsası odur ki, heç kəs heç vaxt— kişilər də, qadınlar da başçısız qalmama­lıdır. Ciddi məşğələlərdə və oyunlarda heç kəs özünü şəxsi rəyi ilə hərəkət etməyə öyrətmə­mə­lidir.  Yox, həmişə — müharibədə də, sülh vaxtı da hər kəsin bir gözü baş­çıda olmalı, onun göstərişlərinə əməl etməlidir.  Hətta ən əhəmiyyətsiz şeylərdə də onla­­rın rəhbərliyi əsas götürülməlidir, məsələn, başçının əmri ilə dərhal yerində dayan­­malı, irəli getməli, təlimlərə başla­malı, yuyunmalı, qidalanmalı və keşik çəkməli, yaxud tapşırıqları yerinə yetirmək üçün oyanıb durmalı... Bir sözlə, qoy insanın qəlbi başqala­rından ayrılıqda nəyisə etməməyə və hətta bunun necə mümkün ola biləcəyini başa düşməməyə vərdiş etsin...

               

Tдrbмyд necд olmalнdнr?.. Nдhдnglдrмn dцyьеlдrмnм, Tanrн vд qдhrдmanlarнn цz qohumlarн vд yaxнnlarн мlд dмgдr зoxsaylн мxtмlaflarнnн tдsvмr etmдyд vд емемrtmдyд heз bмr ehtмyac yoxdur — дksмnд, дgдr bмz vдtдndaеlardan heз bмrмnмn dмgдrмnд heз vaxt dьеmдзмlмk bдslдmдmдsм vд bunun едrдfsмzlмk olmasн fмkrмnм beyмnlдrд yerмtmдk мstдyмrмksд, onda qocalar vд qarнlar yubanmadan uеaqlara elд onlar bцyьyдndдn sonra da mдhz bu barдdд vд mьmkьn qдdдr зox danнеmalнdнrlar.

 

Mif yaratmaq [dövlətin] əsasını qoyanların işi deyil — onlara bədii yara­dıcılığın əsas cizgilərini bilmək və onların təhrif edilməsinə yol verməmək kifa­yətdir...   

 

Axı həqiqəti hər şeydən üstün tutmaq lazımdır.  Bu yaxınlarda demişdik ki, yalanın allah­lara mahiyyətcə heç bir faydası yoxdur, adamlara isə yalan müalicə dərmanı kimi faydalı ola bilər.  Dediklərimiz düzdürsə, onda bu dərmanı həkimlərin ixtiyarına buraxmaq lazım­dır, nadan adamlar isə ona əl vurmamalıdır...

               

Kimə olmasa da, dövlət başçılarına həm düşmənə qarşı, həm də dövlətin xeyri naminə öz vətəndaşlarından ötrü yalan işlətməsinə yol vermək olar, lakin yerdə qalan heç kəsə ona əl atmasına şərait yaratmaq olmaz.  Əgər ayrı-ayrı şəxslər hökmdarlar kimi yalan danış­mağa  başlasalar, onda bunu xəstənin həkimə yalan deməsindən də betər hərəkət sayacağıq...

               

Eşq zövqündən daha güclü və şiddətli həzzin adını çəkə bilərsənmi? Bununla belə, düzgün eşq sadəliyi və gözəlliyi sevir, bunları mühakimə və harmoniya ilə edir.  Deməli, həqi­qi məhəbbətə azğınlıq və pozğunluqla bağlı şeyləri calamaq olmaz.  Sözsüz ki, ona eşqbaz­lığı da əlavə etmək olmaz: həqiqi sevənlərlə onu bağlayan heç bir ümumi cəhət yoxdur...

               

Beləliklə, dövlətimizin güclənməsi və abadlaşması şəraitində bütün təbəqələrə imkan yaratmaq lazımdır ki, fitri qabiliyyətlərinə uyğun olaraq ümumi inkişafımıza öz payla­rını verə bilsinlər...

               

Bax gör bu deyilmi o biri ustaların hamısını korlayan, onları yararsız edən?..  Sərvət və yoxsul­luq. Varlanmış dulusçu, səncə, öz sənətində daha da təkmil­ləşməyə çalışacaqmı?..

               

Dövlətin bizim dediyimiz kimi deyil, başqa cür adlanmağa layiq olduğunu sayırsansa, xoş halına.  Başqa cür yanaşsaq, ad çox uzun alınacaqdır, çünki onlardan hər biri “şəhər”i [şəhər-dövləti] deyil, çoxlu dövləti bildirəcəkdir.  İstənilən halda onlar bir-birinə düşmən iki dövlətdən ibarətdir: biri yoxsulların, digəri varlıların; onların hər biri də çoxlu dövlətdən ibarətdir, ona görə də onları vahid saysanız yanılmış olarsınız...

               

Əgər sən onlara çoxluğa yanaşdığın kimi yanaşsan, pul vəsaitini və hakimiyyəti birin­dən alıb digərinə versən, yaxud onların özünü bir qrupdan digərinə dəyişsən özünə əbədi müttəfiqlər qazanarsan, düşmənlərin isə azalar... 

               

Bu ərlərin [keşikçilərin] arvadları ümumi olmalıdır, təklikdə isə qoy heç bir qadın heç kəslə nikahda olmasın.  Uşaqlar da ümumi olmalıdır, qoy ata hansı uşağın onun olduğunu, uşaq isə atasının kim olduğunu bilməsin...

               

Biz abad dövləti bədənə bənzətdik, onun ağrıları, yaxud sağlamlığı isə üzvlərinin vəziyyətindən asılıdır...

               

Məncə, bircə dəyişikliyin baş verməsi kifayətdir ki, bütün dövlətin necə başqalaş­dığını nümayiş etdirə bilək; doğrudur, bu dəyişiklik asan olmasa da, hər halda, mümkündür.  O nədən ibarətdir? Nə vaxta qədər ki dövlətləri filo­soflar idarə etməyəcəklər, yaxud indiki üzdəniraq şahlar və hökmdarlar nəcibliklə və ürəkdən filosofluq etməyə başla­mayacaq və dövlət hakimiyyəti ilə fəlsəfə birləşib bir araya gəlməyəcək və nə vaxta qədər ki ayrı-ayrılıqda ya hakimiyyətə, ya da fəlsəfəyə can atan adamlar (onlar isə çoxdurlar) məcburi qaydada kənarlaşdırılmayacaq, o vaxta qədər də dövlət fəlakətlərdən qurtula bil­mə­­yəcək və indicə təsvir etdiyim dövlət quruluşu işıq üzü görməyəcək və bəşər nəslinə qismət olmayacaqdır.

 

Platonun “Dövlət” və “Qanunlar” əsərlərindən

Bugün 3 ziyaretçi (6 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol