.

hüquq - Azərbaycan Milli İstiqlal Partiyasının Proqramı MƏQSƏD VƏ PRİNSİPLƏR
  BAŞ SƏHİFƏ
  Beynəlxalq sazişlər
  Azərbaycanın milli partiyası
  => Azərbaycan Milli İstiqlal Partiyasının Proqramı MƏQSƏD VƏ PRİNSİPLƏR
  Qarabağ problemi
  “Demokratiya:Gediləsi Uzun bir Yol”
  Əlaqə
  Anketler
Azərbaycan Milli İstiqlal Partiyasının
Proqramı

MƏQSƏD VƏ PRİNSİPLƏR

        XXI əsrin astanasında millətimiz öz şanlı tarixi, zəngin təbii sərvətləri, yüksək mədəni səviyyəsi və intellektual potensialı ilə təzad təşkil edən acınacaqlı bir vəziyyətdə yaşamaqdadır. Rus-sovet imperiyasının dağılması ilə müstəqil milli dövlət qurmaq üçün əlverişli şərait yarandığı, eyni zamanda daxili ziddiyyətlərin və xarici təxribatların nəticəsi kimi ümumi böhranın dərinləşdiyi indiki tarixi anda yüksək Azərbaycan amalı Millətimizin milli şüura və milli məfkurəyə malik övladlarından milli varlığımızı qorumaq və yeni milli yüksəlişə nail olmaq uğrunda mübarizəyə qoşulmağı tələb edir.

        Belə bir şəraitdə Millətin bütün fərdlərinin arzu və duyğularını, fikir və fəaliyyətini müqəddəs bir ideal ətrafında birləşdirmək iqtidarında olan siyasi təşkilatın meydana çıxması zərurətindən yaranmış Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) ali məqsədi müstəqil, vahid, demokratik, qüdrətli Azərbaycan dövləti qurulmasına ən qısa yolla nail olmaq, bununla da Millətimizin tarix səhnəsindəki şərəfli yerini qaytarmaqdır.

        Millətin mənafeyini hər şeydən üstün tutan Azərbaycan Milli İstiqlal Partiyası:

        - Millətin özünü idarə etməsi zəminində hər hansı bir xarici dövlətə, yaxud dövlətlər birliyinə məxsus siyasi qüvvələrin milli mənafeyə zidd təsirindən azad olan və yalnız xalqın sərbəst iradəsi ilə formalaşan milli hakimiyyət sistemi qurmaq uğrunda;

        - İstiqlal ideyasının millətin bütün fərdləri tərəfindən mənimsənilərək milli ideologiyanın əsasında çevrilməsinə, hər bir Azərbaycan vətəndaşının milli şüur ətrafında birləşərək ümummilli iradəni ifadə etməsinə nail olmaq uğrunda;

        - Ümumbəşəri ideyaların səciyyəvi inikası kimi gerçəkləşən ümummilli mənəvi dəyərləri ictimai həyatın bütün sahələrində bərqərar etmək, milli əxlaqımızı, adət və ənənələrimizi zərərli təsirlərdən qorumaq, mənəvi saflaşma və mədəni zənginləşmə yolunu tutmaq uğrunda;

        - Millətin ümumi İqtisadi müstəqilliyi ilə onun hər bir üzvünün fərdi İqtisadi sərbəstliyini qırılmaz vəhdət kimi bağlamaq əsasında azad insana layiq azad İqtisadiyyat qurmaq və bu zəmində sür ətli və vüsətli İqtisadi tərəqqiyə yetişmək uğrunda;

        - Millətin hər bir fərdinin ucalığını və təkrarsızlığını qəbul edərək insan hüquqlarının toxunulmazlığını milli siyasətin əsa sına çevirmək, insan azadlıqlarının qorunmasına təminat verə bilən vətəndaş cəmiyyəti qurmaq uğrunda mübarizə aparan siyasi partiyadır.

        Azərbaycan Milli İstiqlal Partiyası demokratik yolla siyasi hakimiyyətə gəlməyi demokratik cəmiyyətdə bu məqsədlərə çatmağın əsas yollarından biri kimi qəbul edir və bu mənada siyasi hakimiyyətə gəlməyə çalışan parlament tipli partiyadır.

        - Azərbaycan Milli İstiqlal Partiyasının öz fəaliyyətində ideoloji əsas kimi qəbul etdiyi prinsiplər bunlardır:

        İSTİQLALÇILIQ. Ulu Tanrının və Təbiətin verdiyi ixtiyarla Millətimiz İstiqlal və azadlıq haqqına sahibdir və biz bütün dünya xalqlarının onu öz İstiqlalına mübarizə ilə qovuşmuş bir Millət kimi tanıyacağına və sayacağına inanırıq. İstiqlala malik olmadan Millət öz varlığını və mədəniyyətini qoruya və ucalda bilməz. Milli İstiqlal amalını ümummilli məfkurənin, saf, ədalətli və möhtəşəm gələcəyimiz uğrunda hərəkatın ideoloji bünövrəsi kimi qavrayırıq.

        AZƏRBAYCANLILIQ (VƏTƏNÇİLİK).

        Millətimizin tarixi vətəni olan Azərbaycan onun ərazisində məskunlaşmış bütün xalqların ümumi vətəni olmaqla, milliyyətindən, az ya çoxsaylılığından asılı olmayaraq Azərbaycanda yaşayan bütün toplumları, ürəyi vətənpərvərliklə döyünən bütün insanları öz müqəddəsliyi ətrafında birləşdirir. Azərbaycanın dövlət mənafelərinə zidd fəaliyyət göstərməyən müxtəlif milli azlıqların nümayəndələrini Azərbaycanda əksəriyyət təşkil edən Azərbaycan türkləri ilə bərabər hüquqlu sayaraq, biz onların öz dillərini qorumaq və mədəniyyətini inkişaf etdirmək haqqını tanıyırıq. Azərbaycanda əksəriyyət təşkil edən türklərin Azərbaycanda yaşayan bütün milli azlıqların varlığı və milli tərəqqisi üçün məsuliyyət daşıdığını qəbul edirik.

        MİLLİYYƏTÇİLİK. Hər bir millət, digər millətlərin azadlığını, haqqını və hüquqlarını pozmamaq, dövlətin varlığına və tərəqqisinə fayda vermək şərtilə öz mənafeyini üstün tutmaq ixtiyarına malikdir. Millətimizin mənafeyini hər şeydən uca sayaraq, bu mənafenin gerçəkləşməsi yolunu əqidə kimi qəbul edirik. Ümumi dilə, mədəniyyətə, tarixə, dinə, adət-ənənəyə, şifahi və yazılı ədəbiyyata malik olan toplumuzun ən vacib səciyyələrindən biri ümumi milli şüurdur. Azərbaycanda milli şüurun əsası olaraq türkçülüyü milliyyətçiliklə eyniləşdiririk.

        MİLLİ DÖVLƏTÇİLİK. Millətin dövlət üçün deyil, dövlətin Millət üçün olduğunu qəbul edərək, biz dövləti Azərbaycanın bölünməzliyinin qorunması, ümummilli mənafenin gerçəkləşdirilməsi üçün zəruri bir institut, azadlıq, ədalət və bərabərliyin təminatçısı sayırıq. Müstəqil Azərbaycan dövləti Azərbaycanın milli dövlətçilik ənənələrinə əsaslanaraq ayrı-ayrı sinif, zümrə və təbəqələrin deyil, bütün Azərbaycan vətəndaşlarının siyasi İqtisadi və mənəvi yüksəlişinə təminat yaratmalıdır.

        Milli tərəqqi yolunda yalnız o halda uğur qazanmaq mümkündür ki,dövlət öz vətəndaşlarının siyasi, İqtisadi,mədəni inkişafı üçün zəruri şərait yaratsın və eyni zamanda hər bir vətəndaş dövlətçiliyi möhkəmləndirmək və inkişaf etdirmək yolunda bilavasitə çalışsın.

        HÜRRİYYƏTÇİLİK. Millətin və dövlətin normal halında insanın azadlığı, digər insanların azadlıqlarını pozmamaq şərti ilə heç nə ilə məhdudlaşmamalıdır. Bütünlüklə Millətin azadlığı ilə onun hər bir fərdinin azadlığını qırılmaz vəhdət şəklində bərqərar etməyi məqsəd götürərək, hər bir insanı təkrarsız və toxunulmaz sayaraq, biz beynəlxalq sənədlərdə əksini tapmış bütün insan hüquqlarına və azadlıqlarına təminat verməyi müasir demokratik dövlət qurmağın ilkin şərtlərindən biri hesab edirik.

        ÖNCÜLLÜK. Millətimizin dünya millətləri sırasında tarix səhnəsində layiqli yer tutmasından ötrü bəşəriyyətin yaratdığı mütərəqqi elmi biliklərdən, İqtisadi və hüquqi mexanizmlərdən, mənəvi dəyərlərdən yaradıcılıqla faydalanmaqla, milli mədəniyyətimizin, siyasi və İqtisadi quruculuğun sürətlənməsi və vüsətlənməsi, hər bir azərbaycanlının cəhalətdən və qaragüruhçuluqdan uzaqlığı, ən mütərəqqi dünyaduyumuna və təfəkkür tərzinə yiyələnməsi gərəkdir. Bu yolla irəliləməklə Azərbaycanın yaxın bir zamanda dünyanın ən öncül ölkələri sırasına çıxacağına inanırıq.

        Azərbaycan Milli İstiqlal Partiyası xalq partiyası olmaq etibarilə sinfi, zümrəvivə sosial ayrı-seçkiliyi rədd edərək, Millət və Vətən birliyini təmin edə biləcək fikir, duyğu və məslək ümumiliyini məqsəd saydığı üçün onun sosial bazasını xalqın bütün təbəqələrindən olan İstiqlalçı, milliyyətçi, hürriyyətçi, demokrat, öncül vətənpərvərlər təşkil edir.

        ƏN YAXIN VƏZİFƏLƏR

        Bəyan etdiyi prinsiplər əsasında öz məqsədlərinə çatmaqdan ötrü Azərbaycan Milli İstiqlal Partiyasının yaxın dövr üçün qarşısına qoyduğu vəzifələr bunlardır.

        SİYASİ QURUCULUQ SAHƏSİNDƏ

        Yaxın dövrün ən mühüm vəzifələri dövlətimizin müstəqilliyini və ərazi bütövlüyünü qoruyub saxlamaq və möhkəmləndirmək sahəsində partiya olaraq üzərimizə düşən missiyanı yerinə yetirməklə yanaşı, Azərbaycanda insanların qanunçuluq şəraitində şəxsi müstəqilliyini, siyasi azadlığını, İqtisadi inkişaf üçün imkan bərabərliyini təmin edən demokratik cəmiyyət quruculuğunu reallaşdırmaq istiqamətində fəaliyyəti genişləndirməkdən ibarətdir.

        Bunun üçün qanunun aliliyinin, vətəndaşların qanun qarşısında bərabərliyinin, hüquq və azadlıqlarının elan edildiyi, hakimiyyət bölgüsünün təsbit olunduğu Konstitusiyaya riayət olunmasına nail olmaq əsas şərtdir.

        AMİP hakimiyyətin müstəqil institutlar arasında bölünməsi prinsipinin məqsədini hər bir fərdə öz potensialından tam faydalanmaq və həmvətənləri qarşısında vəzifələrini yerinə yetirmək hüququ verən demokratik cəmiyyət yaratmaqda görür.

        AMİP ali qanunverici orqan olan Milli Məclisin əsl parlament kimi fəaliyyət göstərməsinə, qəbul etdiyi qanun və qərarların icrasına nəzarət edə bilməsinə nail olmağı əsas vəzifələrdən biri hesab edir. Bunun üçün AMİP deputat qrupu qanunvericilik təşəbbüsü hüququna əsaslanan fəaliyyətini, AMİP yerli təşkilatları isə Milli Məclis üzvlərinə seçicilər qarşısında üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirtmək istiqamətində təsirləri genişləndirməlidirlər.

        Ali İcra Hakimiyyətini həyata keçirən Prezident Dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, vətəndaşların hüquq və azadlıqlarının təminatçısı olmaqla hər hansı siyasi təşkilatı deyil, Dövləti təmsil etməlidir.AMİP hökumətin əsas vəzifəsini fərdiyyətə xidmətdə, şəxsi azadlıqların, asayişin qorunmasında və imkan bərabərliyinə təminat yaratmaqda görür.

        AMİP hökumətin qanunverici orqan qarşısında hesabatlı olması və quruluşunun prinsipcə yeniləşməsini zəruri hesab edir və Kiçik hökumət prinsipinin düzgünlüyünə inanır. Bürokratik aparatın kiçikliyi Dövlətin və iqtidarın xalqa, hər bir vətəndaşa inamının göstəricisidir. Hökumətin tərkibi və bütövlükdə dövlət idarəetmə aparatının həcmi zəruri minimuma endirilməli, icra strukturlarındakı paralellik aradan götürülməlidir.

        AMİP yerli özünüidarəni demokratik cəmiyyətin ayrılmaz şərti hesab edir, Azərbaycanda səmərəli bələdiyyə sisteminin yaradılmasını və bələdiyyə seçkilərinin demokratik keçirilməsinə nail olmağı əsas vəzifələrindən biri sayır.

        Məhkəmə, qanunverici və icra hakimiyyəti orqanlarından asılı olmamalı və tutduqları vəzifədən, irqi, etnik, dini fərqlərdən,siyasi mənsubiyyətindən, sosial vəziyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının Qanun qarşısında tam bərabərliyini,Qanuna eyni dərəcədə hörmət və riayət etməsini təmin etməlidir. AMİP Azərbaycanda müstəqil məhkəmə hakimiyyətinin bərqərar olması üçün fəaliyyəti zəruri hesab edir.

        Proqram prinsiplərini həyata keçirmək naminə demokratik seçkilər yolu ilə hakimiyyətə gəlməyi qarşısına məqsəd qoyan AMİP bütün növ seçkilərdə iştirak etməyi əsas siyasi vəzifə kimi qəbul edir.

        Seçkiqabağı dövr üçün qarşımızda duran əsas vəzifələrdən biri demokratik seçki sisteminin və seçkilərdə iştirak edən bütün siyasi qüvvələr üçün bərabər şərait yaradılmasına nail olmaqdır.

        AMİP azad və müstəqil mətbuat hüququnun təmin olunmasını demokratik quruluşun əsas şərtlərindən biri kimi qəbul edir və kütləvi informasiya vasitələri üzərində senzuranı və informasiya azadlığından sui-istifadəni yolverilməz hesab edir.

        AMİP hesab edir ki, seçkilərin demokratik keçməsi və saxtakarlığın qarşısını almaq üçün əsas şərtlərdən biri əhalinin siyasi fəallığının artırılması və seçicilərin seçkilərdə iştirakına nail olmaqdan ibarətdir. Yaxın dövr üçün AMİP-in qarşısında duran ən mühüm vəzifələrdən biri əhalinin siyasi cəhətdən maariflənməsi, öz hüquqlarını tanıması və müdafiə etməyə hazır olması istiqamətində tədbirlər hazırlamaqla vətəndaşlarımızın qanunlara və qanunların işləməsinin mümkünlüyünə inamlarını yaratmaqdan ibarətdir.

       İQTİSADİYYAT SAHƏSİNDƏ

        AMİP İqtisadi demokratiyanı və xüsusi mülkiyyəti şəxsi azadlığın ayrılmaz tərkib hissəsi kimi qəbul edir.

        AMİP insanların maddi rifah və şəxsi mülkiyyət yaratmaq kimi qanuni istəklərini müdafiə edir, bunu işsizlik və hiper inflyasiya kimi sosial bəlaları cilovlamağın ən yaxşı üsullarından biri hesab edir.

        AMİP inanır ki, xüsusi mülkiyyətə, insanların fərdi İqtisadi sərbəstliyinə, təşəbbüskarlığına və məsuliyyətinə əsaslanan azad sahibkarlıq cəmiyyətin rifahını yüksəltməyin, mədəniyyətin, elm, səhiyyə və təhsilin inkişafı üçün imkan yaratmağın yeganə düzgün yoludur.

        AMİP İqtisadiyyatın bütün sahələrində mülkiyyət və təsərrüfatçılıq formalarının bərabərhüquqlu olmasına, xüsusi mülkiyyətin toxunulmazlığı üçün dövlət təminatı yaradılmasına, aparılan islahatların gedişində İqtisadi azadlıqların - qiymətqoyma azadlığı, rəqabət azadlığı, xarici İqtisadi fəaliyyət azadlığı və şəxsi vəsaitdən sərbəst istifadə azadlığının təmin olunmasına nail olmağı əsas vəzifələrdən biri kimi görür.

        AMİP dövlətin İqtisadiyyata müdaxiləsini minimum səviyyəyə endirməyi zəruri hesab edir. İqtisadi inkişafda Dövlətin başlıca rolu ölkənin milli təhlükəsizliyini və daxili siyasi sabitliyi təmin etmək olmalıdır. Onun İqtisadiyyata müdaxiləsi yalnız ümummilli səviyyədə tənzimləmə funksiyaları ilə məhdudlaşdırılmalı və inflyasiya ilə işsizliyi idarə edilə bilən həddlər daxilində saxlamağa, ixracatın və xarici investisiyaların təşviqinə, rəqabətin inkişafına, İqtisadi ədalət prinsiplərinin gözlənilməsinə, xaricdə Azərbaycanın və onun vətəndaşlarının İqtisadi maraqlarının qorunmasına yönəldilməlidir. İqtisadi fəaliyyətdə Dövlət xüsusi sahibkarın rəqibi deyil, əksinə onun inkişafına şərait yaradan və daha yüksək mənfəətlər qazanmağa təşviq edən yardımçı kimi çıxış etməlidir. Dövlət xarici sahibkarlarla rəqabətə davam gətirmələri üçün yeni yaranmaqda olan yerli sahibkarlar təbəqəsinin inkişafını himayə etməli və zəruri müdafiə tədbirləri həyata keçirməlidir.

        AMİP ölkənin inkişafı yolunda ən ciddi maneəyə çevrilən rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizəni özbaşlıca vəzifələrindən biri hesab edir. Rüşvətxorluğa və dövlət əmlakının talan edilməsinə qarşı cəza tədbirlərinin ancaq keçici effektə malik olduğunu qeyd edən AMİP bu bəlanın aradan götürülməsi üçün İqtisadi mexanizmlər yaradılmasını və ictimai nəzarətin gücləndirilməsini daha düzgün və zəruri hesab edir.

        AMİP Azərbaycanda vergilərin sayının və dərəcələrinin artırılmasını yanlış sayır və hesab edir ki, bu, büdcə kəsirini azaltmağın prinsipial yolu ola bilməz. Düzgün yol bunun əksi, vergi sisteminin sadələşdirilməsi, vergilərin sayının və dərəcələrinin azaldılması və bu əsasda işgüzar fəallığın yüksəldilməsidir.

        AMİP Qərb neft şirkətləri ilə bağlanmış müqavilələrin Azərbaycanın İqtisadi inkişafı üçün böyük əhəmiyyətə malik olmasını qeyd etməklə yanaşı, həmin müqavilələrdən əldə edilən bonus və gəlirlərin maşınqayırma sənayemizin və digər strateji təsərrüfat sahələrinin yenidən qurulmasına cəlb edilməsini və müqavilələr üzrə zəruri sifarişlərin mümkün qədər çox hissəsinin Azərbaycan müəssisələrində yerləşdirilməsinin təmin edilməsini vacib hesab edir.

        AMİP İqtisadi inkişafa təkan verəcək amillərdən biri kimi, orta təbəqənin yaranması üçün kiçik özəl müəssisələrin artımında, yerli sahibkar təbəqənin formalaşdırılmasında görür.

        AMİP İqtisadiyyatın birtərəfli inkişafının qarşısını almaq üçün rəqabətə davamlı sənaye məhsullarının istehsalını təşviq etməyi zəruri hesab edir və Azərbaycanın İqtisadi dirçəlişini ölkənin son məhsul ixrac edən dövlətə çevrilməsində görür.

SOSİAL SİYASƏT SAHƏSİNDƏ

        AMİP bərqərar etməyə çalışdığı sosial ədalət prinsipinə cəmiyyətin bütün üzvlərinə öz ağıl, bacarıq və təşəbbüslərini gerçəkləşdirmək və bu əsasda öz rifahlarını yüksəltmək sahəsində geniş, real və bərabər imkanlar yaradılması kimi baxır. Bu imkanların yaradılması ilk növbədə dövlətin apardığı sosial-İqtisadi siyasətlə bağlıdır.

        Bu siyasət, xüsusilə İqtisadi islahatların ilk dövrlərində işsizliyin mümkün qədər azaldılması məqsədi ilə yeni iş yerləri açılmasının təşviqinə, əhalinin sosial baxımdan zəif təbəqələrinin minimum yaşayış səviyyəsini təmin etməyə, hər bir adamın ərzaqla, mənzillə və s. təminatına yönəldilməlidir. Bundan əlavə bu siyasət vətəndaşların tibbi xidmətlərlə təminatına minimum səviyyəsində zəmanət yaradılmasına, profilaktik tədbirlərin və sığorta təbabətinin görülməsi nəticəsində xəstəliklərin qarşısının alınmasına, uşaq xəstəliklərinin və uşaq ölümünün azaldılması üçün təxirəsalınmaz tədbirlər görməyə,çoxuşaqlı ailələrə yardımı genişləndirməyə istiqamətləndirilməlidir.

        AMİP-in sosial ədalət ideyası əmək qabiliyyəti olmayan vətəndaşlara, əhalinin sosial baxımdan zəif təbəqəsinə minimum yaşayış təmin etmək üçün dövlət təminatı yaratmaqla yanaşı ,

        - vergi dərəcələri fərqlərinin mümkün qədər azaldılmasını,

        - dövlət vəzifələrinə .görə verilən əsassız imtiyazların tamamilə ləğv olunmasını,

        - insanların öz rifahlarını yüksəltmələri öz qanuni sərvətlərini artırmaları qarşısında indi mövcud olan bütün süni maneələrin aradan götürülməsini nəzərdə tutur.

        AMİP belə hesab edir ki, milli mədəniyyətimizin inkişafında, yeni nəslin İstiqlalçılıq, milliyyətçilik, vətənpərvərlik və demokratiya ruhunda sağlam tərbiyə olunmasında, ümummilli mənəvi dəyərlərin və əxlaqın qorunmasında azərbaycanlılara xas olan nümunəvi və möhkəm ailə tipinin müstəsna əhəmiyyəti vardır.

        TƏHSİL, ELM VƏ MƏDƏNİYYƏT SAHƏSİNDƏ

        AMİP milli təhsil və elm sistemi yaratmağı, milli mədəniyyəti inkişaf etdirməyi Millətimizin mənəvi İstiqlaliyyətinin əsası sayır.

        Azərbaycan təhsil sistemi dünyəvi mahiyyət daşımaqla, çağdaş təhsil qurumları bazasında milli dəyərlərə əsaslanmaqla daim təkmilləşməlidir.

        Xalqın gələcəyini formalaşdıran təhsil sistemi dövlətin əsas strateji sahələrindən birinə çevrilməli, dövlət onun humanist və demokratik prinsiplərlə inkişaf etməsinə hər cür şərait yaratmalıdır.

        Ölkədə təhsil bazası olmayan, dövlət nəzarətindən kənarda qeyri-qanuni fəaliyyət göstərən tədris müəssisələri bağlanmalı, qanuni fəaliyyətdə olan və ölkə üçün gərəkli ixtisaslar üzrə mütəxəssis hazırlayan özəl tədris ocaqlarına isə dövlət qayğısı göstərilməlidir.Qəbul imtahanlarında tətbiq olunan test üsulu təkmilləşməli, ikipilləli sistemə keçməli, orta və ali məktəb dərslikləri milliləşməlidir.

        AMİP ölkədəki zəngin pedaqoji və elmi kadrların potensial gücündən istifadə olunması yollarını tədris ocaqları ilə akademiya bazalarının əlaqələndirilməsində görür. Belə qarşılıqlı sıx əlaqə tədris ocaqlarını alimlərin, akademiya laboratoriyalarını isə tələbələrin üzünə açır.

        Respublikada dağılmaqda olan zəngin kitabxana sisteminin yenidən canlanmasına, kitabxanaların yeni texniki vasitələrlə təmin olunmasına, milli mədəniyyət abidələrimizə qayğının artırılmasına, mədəniyyət xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və yaradıcı iş şəraiti ilə təmin olunmasına çalışan AMİP mədəniyyət sahəsində xüsusi inkişaf proqramı ilə fəaliyyət göstərməyi qarşısına məqsəd qoymuşdur.

        Azərbaycan xalqının mənəviyyatını qorumaq üçün təhsil və mədəniyyət sistemimiz Dövlət himayəsinə alınmalıdır. Təhsilə və mədəniyyətə bu gün sərf edilən vəsaitin nəticəsini sabah savadlı, mədəni gənclərimizin, qayğısız qocalarımızın olmasında görəcəyik.

        DİNƏ MÜNASİBƏT SAHƏSİNDƏ

        AMİP Azərbaycanda dinin dövlətdən tam ayrılığını və dünyəvi dövlət quruculuğunu özünün strateji hədəflərindən saymaqla yanaşı, eyni zamanda hər bir insanın dini etiqad azadlığını ən vacib insan haqqlarından biri hesab edərək, bu azadlığa dövlət tərəfindən tam təminat yaradılmasına yüksək önəm verir.

        AMİP hesab edir ki, müsəlman, xristian və yəhudi dinlərinin üzvü şəkildə yanaşı yaşadığı, dini dözümlülüyün çox yüksək bir səviyyədə təşəkkül tapdığı Azərbaycanda bu mütərəqqi ənənələrin qorunub inkişaf etdirilməsi ən mühüm vəzifələrdən biridir.

        AMİP hesab edir ki, bütün monoteistik dinlərin, o cümlədən İslamın böyük saflaşdırıcı və yaradıcı potensialı vardır. Bu potensialın gerçəkləşdirilməsi üçün cəmiyyətin dini fanatizmə yuvarlanmadan dinə hörmət və ehtiramla yanaşması, insanların ALLAHa etiqad yolu ilə öz mənəvi dəyərlərini zənginləşdirmələri vacibdir.

        İslam imanına dərin hörmət bəsləyən AMİP dini fəaliyyət üçün sərbəst şərait yaradılmasına, mütərəqqi dini normaların yayılmasına, dini görüşlərin və ilahiyyat elminin inkişafına, dini məbədlərə dövlət tərəfindən yardım göstərilməsinə tərəfdardır.

        EKOLOJİ TƏNZİMLƏMƏ SAHƏSİNDƏ

        Cari və uzaq milli mənafelərimiz naminə Azərbaycanın zəngin təbii sərvətlərinin israfçılıqla sərfinin qarşısını almaq (ilk mərhələdə azaltmaq) üçün təsirli İqtisadi və hüquqi mexanizmlər yaratmaq, bu məqsədlə müvafiq mənəvi mühit formalaşdırmaq ən vacib məsələlərdəndir. Onun həlli təbiətin, havanın, torpağın, suyun faciəli surətdə çirklənməsini əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.

        Təbiətin yol verilməz dərəcədə çirkləndirilməsi və müvazinətinin pozulması Millətimizin bu gününü və sabahını, onun genetik sabitliyini təhlükəyə məruz qoyduğu üçün milli sosial İqtisadi inkişaf strategiyamız ekoloji tənzimləmə tələblərinə uyğunlaşdırılmalıdır.

        Hətta İqtisadi və siyasi islahatlar dövründə də təbii ehtiyatların ixracı sadəcə xammal satışı kimi deyil,gələcək satışlar hesabına qurulan texnika və texnologiya ilə Azərbaycanda mümkün qədər tam emal edilmək şərti ilə aparılmalıdır.

        MİLLİ TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ

        AMİP Milli təhlükəsizliyimizi təmin etmək iqtidarında olan müdafiə sistemini qısa bir müddətdə yaratmaq zərurətini əsas götürərək, bunun üçün Azərbaycanın bütün İqtisadi potensialını və insan ehtiyatlarını səfərbərliyə almağı birinci dərəcəli vəzifə sayır. Dövlətimizin varlığını qoruya biləcək Silahlı Qüvvələrin (Milli Ordunun) təşkili işində əsas istiqamət yüksək biliklərə malik hərbi kadrların hazırlanması, orduya ən mükəmməl təlim verilməsi, onun müasir hərbi texnika, sursat və silahla təchizidir. Azərbaycan vətəndaşları öz əsgəri xidmətlərini Azərbaycan ordusunda Millət və Vətən mənafeyi naminə məcburi keçməlidirlər. Hərbi qulluqçuların və onların ailələrinin sosial təminatı dövlətin daim diqqət mərkəzində olmalıdır.

        AMİP Azərbaycanın ərazi bütövlüyünün bərpasını, Dağlıq Qarabağ probleminin ədalətli həllini, təcavüzkarı cilovlamaq və milli mənafelərimizi qorumaq üçün hərbi qüvvə tətbiq etməyə hər an hazır olmağı dövlətin ən önəmli vəzifəsi hesab edir.

        MÜHARİBƏ SAHƏSİNDƏ

        Ermənistan-Azərbaycan müharibəsinin bir gün də olsun Ermənistan ərazisində getmədiyini, indi Azərbaycan ərazisinin 20 faizdən çoxunun Ermənistanın işğalı altında olduğunu, bunun nəticəsində 8 milyonluq Azərbaycan əhalisinin 1 milyonundan çoxunun öz vətənində qaçqın vəziyyətinə düşdüyünü və bir çox digər şərtləri nəzərə almaqla, AMİP bəzi dövlətlərin açıq və gizli yardımına güvənən Ermənistanı təcavüzkar və işğalçı sayır.

        Müharibənin başa çatdırılması yolunu AMİP Azərbaycanın ərazi bütövlüyünün mütləq təmin olunması şərti daxilində görür.

        Bu siyasi prosesin əsasında BMT-nin , ATƏT-in və digər Beynəlxalq təşkilatların Nizamnamələrində əksini tapmış sərhədlərin dəyişməzliyi prinsipi durmalıdır.

        Azərbaycan işğal olunmuş torpaqlarını qısa müddətdə azad etməli, ərazi bütövlüyünü qoruyub saxlamalıdır. Bütün hallarda Azərbaycan öz milli təhlükəsizlik sistemini tezliklə formalaşdırmalı, sərhədlərini və ərazisini qorumaq iqtidarında olan silahlı qüvvələr quruculuğunu sürətləndirməlidir.

        BEYNƏLXALQ MÜNASİBƏTLƏR SAHƏSİNDƏ

        AMİP Azərbaycanın Beynəlxalq təşkilatlarda müstəqil dövlət kimi təmsil olunması və onun dövlətlər birliyinin bərabərhüquqlu üzvü kimi tanınması üçün zəruri olan tədbirləri görməyi beynəlxalq fəaliyyət sahəsində ən mühüm vəzifə sayır.

        Beynəlxalq Demokratiya Birliyinin üzvü olan AMİP hesab edir ki, Azərbaycanın xarici siyasəti sülh, qarşılıqlı əməkdaşlıq, tərəqqi və humanizm ideyaları zəminində milli mənafeyimizin hər şeydən üstün tutulması şərti ilə aparılmalıdır. Xarici siyasətimiz yeni prioritetlər üzərində qurulmalı və ilk növbədə Azərbaycanın təhlükəsizliyini qorumağa, milli tərəqqimizi sürətləndirməyə və dünya ölkələri arasında Azərbaycanın mövqeyini gücləndirməyə yönəldilməlidir.

        Bu siyasət 3 konseptual bünövrə üzərində dayanmalıdır:
a) Azərbaycanın siyasi və İqtisadi mənafelərinin üstünlüyü;
b) digər dövlətlərin, xüsusilə Azərbaycanla həmsərhədd ölkələrin mənafeyinə hörmət;
v) bütün dünyada İstiqlaliyyət, Azadlıq və Demokratiyanın müdafiəsi.

        AMİP Azərbaycan respublikasının beynəlxalq hüquq üzrə öz üzərinə götürdüyü bütün öhdəlikləri tam həcmdə və vaxtında yerinə yetirməsinə tərəfdardır.

        AMİP yuxarıda göstərilən sahələrin hər biri üzrə həm partiyanın öz mütəxəssisləri tərəfindən, həm də onun sifarişi ilə müstəqil ekspertlər tərəfindən hazırlanan konkret proqram və konsepsiyalarla çıxış edir.

        AMİP milli müstəqillik və milli tərəqqi ideyalarını bayraq götürən bütün siyasi hərəkatlarla, partiya və təşkilatlarla bərabərhüquqlu əməkdaşlığa çalışır.

        Azərbaycan Milli İstiqlal Partiyası proqram məqsədlərini həyata keçirmək üçün hakimiyyətə gəlmək istədiyini rəsmən bəyan edən ilk partiyadır. AMİP hakimiyyətə gəlməyi yalnız qanuni yolla, istənilən saxtakarlığı istisna edən, hamıya bərabər şərait yaradan, demokratik, azad və ədalətli seçkilərdə görür.

        Bütün yuxarıda göstərilən sahələr üzrə AMİP proqram sənədlərə malikdir və dövrə uyğun olaraq bu sənədlər daim təkmilləşdirilir.

* * *



Bugün 1 ziyaretçi (2 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol